DAHA 23 AİLƏ 31 İL SONRA LAÇINA QAYIDIB
Daha 23 ailə - 93 nəfərin Laçın həsrəti başa çatıb. Onlar Laçına- doğma yurdlarına qayıdıblar. Uşaqlıq illərini, gənclik illərini Laçın torpağında keçirənlərin 31 illik həsrəti sona çatır. Onlar nə az, nə çox 31 ildir ki, bu günü gözləyiblər.
Daha 23 laçınlı ailə illər əvvəl tərk etməli olduğu, işğaldan sonra bərpa edilən dogma evlərinin qapılarını yenidən açacaq. Onlar arasında gənc yaşlarında evindən uzaq düşən Əli Vəliyev də var, inanırmış ki, gec- tez ocağına qayıdıb, yaxınlarını başına toplayacaq, çünki bütün laçınlıların evi hər zaman qonaqlı-qaralı olub. “Allaha çox şükür ki, bugün qayıdırıq öz elimizə, obamıza, öz yaşadığımız yerə. Azərbaycanın bütün əraziləri bizim üçün əzizdir, ancaq öz evimiz, obamız, öz torpağımız bizim üçün daha yüksək və əzizdir. Bugün gedirik öz doğma torpağımıza”.
3 ildir azad olunmasına baxmayaraq artıq Laçında böyük quruculuq və bərpa işləri görülüb. Elə sakinləri də Laçının dirçəlməsində əlindən gələni etmək üçün səbrsizlənir. Laçın sakini Reyhan Zeynalova deyir ki, ordan çıxanda gənc olub. “31 ilin bəlkə də hər gecəsini, oranın həsrəti ilə yaşamışıq. Bugünki gün isə sevinclə, həyəcanla, həqiqətən də həyəcanla ora qayıdırıq. Allah Laçında bizə elə günlər nəsib eləsin ki, gözəl günlərimizlə orada bir qrup yaradaq, gözəl şəraitlər quraq, gələn qonaqlarımızı gözəl qarşılayaq, Laçını əvvəlki günlərinə qaytaraq”.
Firuzə Həsənovanın isə övladlarından biri müharibədə olduğundan, evindən 3 övladı və həyat yoldaşı ilə didərgin düşüb. “Çox sevinirik, gedirik doğma vətənimizə, Bakı da bizimdir. Bütün Azərbaycan bizim ana torpağımızdır. Bugün sevinə-sevinə gedirik evimizə, mən ordan çıxanda 46 yaşım var idi. Laçından gələndə dörd bacı idik, onların ikisi Vətən həsrəti ilə dünyasını dəyişdi, həyat yoldaşım isə artıq bir ildir vəfat edib. Laçından onunla birgə çıxmışdıq. Heyf ki, o, bu günü görə bilmədi. Amma sevinirik, mən əminəm ki, onun da ruhu bu gün şaddır, çünki həsrətimiz sona çatır, doğma yurdumuza geri dönürük”.
Artıq Laçın şəhərində 203 ailə, 793 nəfərin daimi məskunlaşması təmin edilib.
Aysu
