DAHA 65 NƏFƏR DOĞMA TORPAQLARINA YOLA SALINDI
Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu dəfə 65 nəfərdən ibarət 18 ailə doğma yurduna yola salınıb. Beləliklə, Laçında daimi məskunlaşan şəxslərin sayı 850-ni ötüb.
Laçın sakini Əziz Aslanov deyir ki, bu hissləri demək çətindir. Yaşamaq lazımdır bu hissləri. “Əlbəttə ki, sevincli günümüzdür. Ən böyük sevincli günümüzdür ki, qayıdırıq öz torpağımıza. Yaşayacağıq, yaradacağıq... Tikəcəyik, quracağıq. Daha da gözəlləşdirəcəyik”. Əziz Aslanov kimi, illər əvvəl didərgin düşdüyü yurd - yuvasında yaşamaq arzusunda olan daha 65 nəfər doğma torpaqlarına - Laçına yola salınıb. Onlar vaxtilə yaşadıqları, işğala son qoyulduqdan bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
İllər əvvəl azyaşlı körpəsi ilə evindən-eşiyindən qaçqın düşərkən İlahə Həsənovanın 26 yaşı olub. İndi o, övladının 32 yaşını Laçında qeyd edəcək. “O vaxt biz Laçından çıxanda mənim oğlum 6 aylıq idi, indi sabah onun 32 yaşı olur. Mən sabah onun ad gününü qeyd eləyəcəm Laçında. Laçın deyəndə nələr yada düşür. Bizim orada cavanlığımız olub, cavanlığımız orada keçib. Amma bu gün ora yaşlı gedirik. Nəvəli-nəticəli gedirik. Bugünki günə şükür”.
3 ildir azad olunmasına baxmayaraq, artıq Laçında böyük quruculuq və bərpa işləri görülüb, şəhər yenidən inşa olunur. Laçınlıların öz yurdlarında işlə təmin olunması, onların təhlükəsizliyi və rifahı üçün də bütün addımlar atılır. Elə Laçın sakini Çingiz Məmmədov da doğma yurduna qayıtdıqdan sonra əvvəlki işini davam etdirmək niyyətindədir. “Hardasa mən 27 yaşım var idi, döyüşdə olanda... Laçında su maşını sürmüşəm gələnə kimi, sonra təhvil verib gəlmişəm. İndi arzumdu ki, Laçına qayıdıb yenə həmin su maşınını sürüm”.
Qeyd edək ki, bununla Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.
