Daha bir güləşçimiz dünya çempionu olub
"İstər Elmir Əliyevin, istər Ziya Babaşovun bu uğuru, qələbəsi onu göstərir ki, həqiqətən də bu gün yunan-Roma güləşi üzrə komandamızın ehtiyat qüvvəsi, xüsusən də yüngül çəkilərdə kifayət qədər güclüdür və rəqabətə davamlıdır. Yəni bu o deməkdir ki, bizim komandamız hər zaman ehtiyat qüvvədə birincidir, və onları əvəzləyə biləcək ikincilər var. Bu gün artıq, Eldəniz Əzizi bilirik ki, əgər karyerasını nə vaxtsa bitirsə, onu layiqincə əvəzləyə biləcək Elmir Əliyev var və bu çıxışı ilə o sübut edib".
Bu sözləri Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında bildirib. O qeyd edib ki, Elmir Əliyev bundan əvvəl də 23 yaş qrupunda Avropa çempionu olub:
"Düzdür, bu il üçüncü yerə çıxıb, amma daha öncə, 2023-cü ildə bu yaş qrupunda Avropa çempionu olub və indi də Dünya çempionatında birinci yerə çıxıb. Bir daha qeyd edim ki, o 55 kq-da Eldəniz Əzizlinin layiqli davamçısı ola biləcəyini göstərib. Ziya Babaşov da, Elmir Əliyev kimi ilk dəfə Dünya Çempionu olub. Bu uğuru ilə bu yaş qrupu ilə vidalaşıb. O da daha öncə bu yaş qrupunda Avropa Çempionu olub. Bu dəfə isə bu yaş qrupunda Dünya Çempionu olub. Onu da qeyd edim ki, ilk dəfə yunan-Roma güləşçilərimiz 23 yaş qrupunda 2 qızıl alıblar və ümumiyyətlə bu 2 qızıl, 1 bürünc medal bizim yunan-Roma Güləşində 23 Dünya Çempionatında medallarının əyarına görə ən yaxşı nəticə kimi qeydə alınıb. Hətta daha bir Ruslan Nurullayev də bürünc medal alıb və daha bir bürünc medalı bu gün İlkin Qurbanov qazana bilər".
Müsahibimizin sözlərinə görə, onlar Ruslan Nurullayevi hətta finalda gözləyiblər:
"Amma onu da qeyd edim ki, o yay aylarında artıq hərbi xidmətə başlayıb. Sadəcə, təxminən bir ay, ay-yarım hərbi xidmətlə əlaqədar olaraq məşqlərə qoşula bilməyib. Artıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi məşqlərimizdə iştirak edir. Təbii ki, daha çox hazırlaşmaq imkanı olsaydı, bəlkə də o da çempion ola bilərdi. Amma istənilən halda o da perspektivli güləşçilərimiz sırasında yer alır. Şüphəsizdir ki, hər qələbə təkcə həmin idmançılar üçün yox, həm də ümumilikdə ondan sonra gələn nəsil və azyaşlılar üçün bir motivasiya, stimul rolunu oynayır. Hətta özünəinam verir. Yəni mənim məşq yoldaşım, komanda yoldaşım, əgər gedib dünya çempionu ola bilirsə, deməli mən də ola bilərəm və bu hər bir kəsə inam, motivasiya verir. Ümid edirik ki, İnşallah bundan sonra da nəticələrimiz yüksələn xətt üzrə davam edəcək".
Zəhra Möhübbətova
