Daha bir süpürgəçi qadını maşın vurdu
Suraxanıda süpürgəçi qadını avtomobil vurub. 54 yaşlı xanım hadisə yerində dünyasını dəyişib.
Arb-nin verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alınıb.
Tovuz rayon Lazılar kənd sakini Pəri Məmmədovanı vuran "Fiat Doblo" markalı avtomobilin sürücüsü 26 yaşlı Naxçıvan sakini Vüqar Şirinov olub.
Hadisə şahidinin sözlərinə görə, o, bir dənə burda bu üzdə işləyən tappıltıya baxıb. Onda görüb ki, yerdədi.
“Yazığı üzü bu yana uzatmışdılar bura. bir qızı bir oğlu var. Oğlu hərbiçidi, qızı da biznən işləyir ayrı briqadada. Yoldaşı da 3 ay olar rəhmətə gedib”.
Mərhumun iş yoldaşları isə deyirlər ki, belə magistral yollarda təhlükəli vəziyyət tez-tez yaşanır. Onlar Günahı sürücülərdə görürlər.
“Burda günahkar şoferlərdi. 120-lik yol oradı bura döy. Şoferlər diqqətsizdi yuxusuzdu. Gəlir adama çırpır. 7 tamamdan sonra işə çıxırıq. Səhər açılsın da işıq açılsın. Elə gəlib keçirlər yanından allah haqqı yeli fırladır adamı. O qədər yuxusuz şoferlər var. Bax indi burdadı da yolun qıradığı düzdü? Yolu keçsə, deyərəm günah öləndədi. Axı bu yolu süpürür, qıraqdadı”.
Sürücülər isə fərqli fikirdədi.
“Hər şeyi sürücülərin üstünə atırlar ki, ay nə bilim sürücü diqqətsiz yanaşdı, neynədi. Amma burda tək sürücülərdə günah deyil. Yolun kənarında dayananlar da ən azı diqqətli olmalıdır. Siz özünüz keçəndə görürsüzmü süpürgəçinin yanında hansısa xəbərdaredici nişan olsun?”.
Qeyd edək ki, təkcə bu il ərzində 10 nəfərə yaxın təmizlik işçisi yollarda avtomobil vurması nəticəsində həyatını itirib.
SƏBİNƏ
