00:00:00
Yazar
Admin User
06.02.2026 09:17 58 2 dəq oxuma
Dünya

"Danışıqların ən maraqlı tərəfi Türkiyə idi"

"Danışıqların ən maraqlı tərəfi Türkiyə idi"

ABŞ-İran danışıqlarının keçirilmə yeri və formatı ətrafında yaranan qeyri-müəyyənliklər regionda geosiyasi sualları daha da artırır. Xüsusilə Türkiyənin prosesdən kənarda qalması və Omanın ön plana çıxması diqqət çəkir.

 

Mövzu ilə bağlı Politoloq Əli Mustafa "İnformator.az"-a açıqlamasında bildirib ki, danışıqların baş tutmasında ən maraqlı tərəf məhz Türkiyə olub:

 

“Bu danışıqların baş tutmasını ən çox istəyən və belə bir nəticənin reallaşmasına nail olan tərəf, təbii ki, Türkiyə idi. İlkin razılaşma da ondan ibarət idi ki, görüş İstanbulda keçirilsin. Lakin sonradan İran tərəfi danışıqların başqa məkanda və fərqli formatda keçirilməsini istədi. Burada təkcə məkan deyil, format da dəyişir, eyni zamanda danışıqların predmeti də fərqlənir”.

 

Politoloqun sözlərinə görə, İran tərəfi daha sonra görüşün Omanda keçiriləcəyini açıqlayıb. ABŞ isə bu təklifə ilkin mərhələdə etiraz edib:

 

“Ardınca İranın xarici işlər naziri bəyan etdi ki, Omanın istəyi ilə danışıqlar ayın 6-sı səhər saat 10:00-da Omanda baş tutacaq. Hər halda, burada hələ də cavabsız suallar qalır".

 

Əli Mustafa bildirib ki, əsas suallardan biri Türkiyədən niyə imtina olunmasıdır. Onun fikrincə, bu məsələ diplomatik kanallarla Ankaraya bildirilsə də, beynəlxalq ictimaiyyətə açıqlanmayıb.

 

Politoloq ehtimal edir ki, İran danışıqların yalnız ikitərəfli formatda-ABŞ və İran arasında aparılmasında maraqlıdır:

 

“Ola bilsin ki, İran bu danışıqlarda ciddi güzəştlərə getməyi planlaşdırır və digər dövlətlərin müşahidəçi kimi prosesdə iştirak etməsini istəmir. Tehran istəyir ki, müzakirələrin mahiyyəti yalnız ABŞ-İran arasında qalsın".

 

Politoloq qeyd edir ki, danışıqların əsas mövzusu nüvə proqramı olsa da, ABŞ-nin tələbləri bununla məhdudlaşmır. Vaşinqton raket proqramı, regional proseslər, eləcə də İranda daxili vəziyyətin də gündəmə gətirilməsini istəyir.

 

Əli Mustafa bildirib ki, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə müharibə ehtimalı da istisna edilmir. Onun sözlərinə görə, İranda sərt bəyanatlar verən qüvvələrin mövcudluğu bu ehtimalı gücləndirir. Lakin bu açıqlamaların daha çox daxili auditoriyaya hesablandığını da istisna etmir.

 

Politoloq sonda İran daxilində hakimiyyət dəyişikliyi məsələsinə də toxunub və mövcud rejimin tükəndiyini qeyd edib:

 

“Bu rejim nə İran xalqı, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Hakimiyyət dəyişikliyi artıq zaman məsələsinə çevrilib. ABŞ bu prosesi etməsə belə, İran xalqının özü gec-tez buna cəhd göstərəcək".

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər