Davos Dünya İqtisadi Forumu: Azərbaycan regional gücdən qlobal tərəfdaşa doğru
Məlum olduğu kimi, Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib. Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, “Euronews” televiziyasına müsahibə verib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, dünya iqtisadiyyatını formalaşdıran tərəflərin görüş təşəbbüsləri Azərbaycana olan diqqətin göstəricisidir:
“Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra mühüm görüşlər keçirib. Bu görüşlərin hər biri həm iqtisadi, həm də diplomatik müstəvidə Azərbaycanın əməkdaşlığının genişlənməsinə xidmət edir. Davos İqtisadi Forumu dünyanın yeni iqtisadi trendlərinin müəyyənləşdirilməsi, yeni yaşıl enerjili iqtisadiyyata keçid və yeni rəqəmsal texnologiyaların tətbiq olunması məsələlərinin müzakirə edildiyi bir məkandır. Hazırda bu istiqamətlər üzrə Azərbaycanın çox mühüm potensialı var. Əsas məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan təkcə karbohidrogen ehtiyatlarının ixracatçısı kimi deyil, həm də potensial yaşıl enerji ixracatçısı kimi çıxış edir. Hətta bununla bağlı Avropa İttifaqına üzv olan bəzi ölkələrlə əməkdaşlıqla bağlı müəyyən razılaşmalar da əldə edilib. Çünki Azərbaycanın çox böyük günəş, su və külək enerjisi ehtiyatları var. Yəni hidroenerji gələcək iqtisadiyyatın əsas təminatçısıdır. İqtisadi əməkdaşlıqlar həm də siyasi tərəfdaşlığı müəyyən edir. Bütün bunlar isə diplomatik müstəvidə Azərbaycan tərəfdarlarının sayını artırır və Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradır. Buna görə də cənab Prezident İlham Əliyev Davosda arzu olunan qonaqdır. Çoxsaylı görüş təşəbbüsləri və bu təşəbbüslərin dünyanın iqtisadi mənzərəsini müəyyən edən şirkətlər, dövlət və hökumət başçıları vasitəsilə irəli sürülməsi Azərbaycana olan diqqətin göstəricisidir”.
Deputatın sözlərinə görə, yenilənən beynəlxalq münasibətlər Azərbaycanın rolunu və əməkdaşlıq imkanlarını artırır:
“Əlbəttə, bu münasibətlər yenidən formalaşan dünya dövlətlərarası münasibətləri kontekstində Azərbaycanın yeni rolunu müəyyən edir və Azərbaycanın mövcud potensialı, regionda yaratdığı sülh, Cənubi Qafqazda bütövlükdə iqtisadi, siyasi və diplomatik baxımdan təhlükəsizliyin təminatçısı kimi çıxış etməsi əməkdaşlıq perspektivlərini daha da artırır. Azərbaycan mürəkkəb bir coğrafiyada dayanıqlı sülh yaratmağı bacarıb. Bu sülhün uzunmüddətli olması üçün fəaliyyət davam etdirilir. Dünyada ötən əsrin 90-cı illərində və XXI əsrin əvvəllərində bir çox bölgələrdə sülh ciddi zərbə alıb, çoxsaylı münaqişələr yaranıb. Bu konfliktlərin həll edilməsi üçün standart model hələ də tapılmayıb. Bu baxımdan Azərbaycanın regionda sülh əldə etməsi özünəməxsus bir modelə malikdir. Bu model nədən ibarətdir? Öz gücü ilə sülhü təmin etmək, öz gücü ilə onu qorumaq və uzunmüddətli etmək, güclü olduğu zaman aqressiyadan, yəni işğaldan imtina etmək - bu xüsusi komponentlər Azərbaycanın Ermənistanla münaqişəsində yaratmağı bacardığı sülhün daxili modelini təşkil edir. Bu ədalətli model Balkanlar və Yaxın Şərq üçün də cəlbedicidir. Burada həm güc və onun doğru istifadə edilməsi, həm də ədalət və hüququn təmin olunması məsələsi var. Bütün bunlar isə sülh yaratmaq prosesində əsas amillərdir”.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramovunda fikirlərini aldıq, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq siyasət və iqtisadiyyat müstəvisində artan rolunu bir daha nümayiş etdirir:
“İsrail və Finlandiya prezidentlərindən tutmuş Çexiya və Qətərin baş nazirlərinə, aparıcı maliyyə institutlarının və transmilli şirkətlərin rəhbərlərinə qədər geniş spektrdə keçirilən görüşlər təsadüfi deyil. Bu diplomatik fəallıq əvvəlki illərdə formalaşmış siyasi və iqtisadi etimadın məntiqi davamıdır. Əvvəlki görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı, proqnozlaşdırılan və prinsipial dövlət kimi qəbul olunmasına mühüm zəmin yaradıb. Xüsusilə, postmünaqişə dövründə ölkənin nümayiş etdirdiyi konstruktiv mövqe, regional sülhün təşviqi və əməkdaşlığa açıq siyasət beynəlxalq aktorların Azərbaycana münasibətini keyfiyyətcə dəyişib. Nəticədə bugünkü görüşlər artıq mövqe izahı mərhələsini geridə qoyaraq konkret əməkdaşlıq formatlarının müzakirəsinə keçid xarakteri daşıyır. Bu proses fonunda Azərbaycanın xarici siyasət prioritetlərində kəskin dəyişiklik müşahidə olunmur. Əksinə, çoxvektorlu və balanslaşdırılmış siyasət xətti qorunmaqla yanaşı, yeni reallıqlara uyğun şəkildə dərinləşdirilir. Əgər əvvəl əsas diqqət enerji təhlükəsizliyi və siyasi dialoqa yönəlmişdisə, indi bu gündəm yaşıl enerji, rəqəmsal transformasiya, maliyyə bazarları və infrastruktur investisiyaları ilə tamamlanır. Bu, prioritetlərin dəyişməsi deyil, onların strateji baxımdan genişlənməsidir. Prezident İlham Əliyevin əvvəlki görüşlərinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanın suverenlik və ərazi bütövlüyü ilə bağlı mövqeyinin beynəlxalq müstəvidə daha aydın qəbul olunmasıdır. Paralel olaraq Azərbaycan Cənubi Qafqazda sabitlik və əməkdaşlıq yaradan əsas aktor kimi tanınıb. Avropa ilə enerji tərəfdaşlığının genişlənməsi, ABŞ və Körfəz ölkələri ilə siyasi dialoqun dərinləşməsi bu görüşlərin gətirdiyi konkret siyasi dividentlərdir. Keçmiş görüşlərlə indiki görüşlər arasındakı əsas fərqə gəldikdə isə bu özünü əsasən onların məzmununda göstərir. Əvvəllər əsas hədəf Azərbaycanın mövqeyini izah etmək və beynəlxalq legitimliyi möhkəmləndirmək idisə, bu gün diqqət daha çox praktik nəticələrə yönəlib. “BlackRock”, “J.P. Morgan”, “Brookfield”, “DP World”, “Vestas” və “Dell Technologies” kimi qlobal şirkətlərin rəhbərləri ilə görüşlər Azərbaycanın artıq investisiya və texnologiya qərarlarının qəbul edildiyi platformalarda fəal iştirak etdiyini göstərir.
Ümumiləşdirərək qeyd etmək olar ki, Davosda keçirilən bu gün ki görüşlər əvvəlki diplomatik səylərin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyində yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan artıq təkcə regional güc kimi deyil, qlobal siyasi və iqtisadi proseslərdə söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul olunur. Bu da ölkənin uzunmüddətli strateji hədəflərinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini təsdiqləyir”.
Zəri Bayramlı
Mələk Hüseynova
