Davosda ABŞ ilə Rusiya arasında kritik görüş
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner arasında görüş keçirilib, Davosda keçirilən görüş 2 saatdan çox davam edib. Uitkoff görüşün pozitiv məcrada keçdiyini bildirib. Dmitriyev isə öz növbəsində qeyd edib ki, zaman keçdikcə daha çox insan Rusiyanın doğru mövqedə olduğunu dərk edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, görüşdə Rusiyanın Rusiya-Ukrayna barışığı ilə bağlı irəli sürdüyü layihə də müzakirə olunub:
"Trampın təklif etdiyi sənəd Ukrayna ilə demək olar ki, əvvəlcədən razılaşdırılıb, lakin Rusiya tərəfinin bu sənədə münasibəti hələ aydın deyil. Görünür, bu məsələ də müzakirə mövzusu olub. Uitkoffun açıqlamasından belə nəticə çıxır ki, görüşdə əsas diqqət investisiya və iqtisadi əməkdaşlıq məsələlərinə yönəlib. Bu da onu göstərir ki, Rusiya-Ukrayna müharibəsindən daha çox ABŞ-Rusiya iqtisadi əməkdaşlığı, investisiya layihələri, faydalı qazıntılar və oxşar mövzular ön plana çıxıb. Bu istiqamətdə müəyyən uzlaşma əldə olunub. Ancaq Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ciddi irəliləyiş müşahidə edilmir. Bu görüşlər əsasən ABŞ və Rusiya arasında iqtisadi və investisiya sahəsində əməkdaşlıq məqsədi daşıyır və ən azı bu blok üzrə tərəflər bir-birini daha yaxşı anlayıb. Bu isə onu göstərir ki, Rusiya-Ukrayna savaşı ilə bağlı yaxın zamanda ciddi razılaşma gözlənilmir".
Həmçinin müsahib qeyd edibki, Tramp son dövrlərdə bir çox ölkə ilə danışıqları yalnız Dövlət Departamenti vasitəsilə deyil, eyni zamanda öz şəxsi nümayəndələrinin iştirakı ilə aparır:
"Bəzi hallarda bu danışıqlar paralel gedir. Uitkoff və Kuşner birbaşa ABŞ prezidentinin mövqeyini ifadə edir və onu təmsil edir. Bu yanaşma artıq müəyyən mənada ənənə halı alıb. Bu üsulu qəbul etməyənlər və tənqid edənlər var. Ancaq Tramp prezident kimi bu yolu düzgün sayır və addımlarını da buna uyğun atır. Dövlət katibi Mark Rubionun açıq etiraz etməməsi onu göstərir ki, bu proses ya Dövlət Departamenti ilə koordinasiya olunur, ya da qərarları birbaşa Tramp verir. O, hansı məsələlərlə departamentin, hansı məsələlərlə isə özünə güvəndiyi şəxslərin - Uitkoff və Kuşnerin məşğul olacağını müəyyənləşdirir. Bu yanaşmaya ABŞ daxilində və beynəlxalq müstəvidə birmənalı baxılmır. Buna baxmayaraq, Tramp bu kanalı daha etibarlı hesab edir. Məlumdur ki, bu nümayəndələr təkcə Rusiya-Ukrayna mövzusunda deyil, Qəzza ilə bağlı İsrail danışıqlarında və digər beynəlxalq məsələlərdə də iştirak edir və bu danışıqları aparmaq üçün səlahiyyət alır".
Qəmər Kazımzadə
