00:00:00
Yazar
Admin User
03.02.2026 17:58 175 5 dəq oxuma
Maraqlı

Ədəbiyyat və oxuma vərdişlərinin şəxsi inkişafda rolu

Ədəbiyyat və oxuma vərdişlərinin şəxsi inkişafda rolu

Ədəbiyyat yalnız sözlərin yığımı deyil, həm də insanın dünyagörüşünü, düşüncə tərzini və şəxsiyyətini formalaşdıran güclü bir vasitədir. Oxuma vərdişi isə bu prosesin əsas sütunudur. Müxtəlif janr və əsərlər vasitəsilə biz fərqli həyat hekayələrini yaşayır, problemlərə fərqli baxış bucağı ilə yanaşmağı öyrənirik.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında yazıçı Fəridə bildirib ki, ədəbiyyat dünyaya açılan ilk qapıdır:

 

"Ədəbiyyat insanın dünyagörüşünü formalaşdıran ilk və ən əsas mənbədir. Bu qapı bizi təkcə zamana və dünyaya deyil, müxtəlif mədəniyyətlərə, fərqli həyat tərzlərinə və ən əsası, insanın iç dünyasına aparır. Ədəbiyyat düşüncə tərzini formalaşdırır, insanın empati qurmaq bacarığını artırır, onu özündən kənara çıxarıb başqasının yerinə qoymağı öyrədir. İnsan savadlı ola bilər, intellektual səviyyəsi yüksək ola bilər, çox ölkə gəzib-görə bilər. Amma ədəbiyyatın verdiyi təcrübəni heç bir real səyahət tam şəkildə əvəzləmir. Çünki kitablar insana həyatın heç yerdə görmədiyi rənglərini göstərir: başqa insanların talelərini, başqa dövrlərin ruhunu, başqa cəmiyyətlərin düşüncə sistemini. Oxucu bir kitab vasitəsilə eyni anda həm XIX əsr Rusiyasında, həm Orta əsr Avropasında, həm də müasir Asiyada yaşaya bilər. Oxuma vərdişinin əsas rolu ondan ibarətdir ki, insan mütaliəni sadəcə bir məşğuliyyət kimi yox, həyat tərzi kimi qəbul etməyə başlayır. Kitab oxumaq zamanla insanın daxili ehtiyacına çevrilir. Düşünmək, analiz etmək, sual vermək artıq gündəlik vərdiş olur. Xüsusilə sosial media əsrində oxuma vərdişinə yiyələnmək daha da vacibdir. Çünki bu gün kitab, jurnal və ümumiyyətlə yazılı mətnlər əvvəlki qədər cəlbedici görünmür. İnsanlar daha çox vizuallığa, qısa videolara, sürətli informasiyaya yönəlir. Məsələn, üç yüz səhifəlik bir kitab aylarla mağazada satılmadan qala bilər. Amma həmin kitab haqqında hazırlanmış üç dəqiqəlik bir video milyonlarla baxış toplaya bilər. Bu, informasiyanın dəyərdən çox, formasına önəm verildiyini göstərir. Əvvəlcə boş vaxtı dəyərləndirmək üçün başladığımız oxu vərdişi zamanla həyat tərzinə çevrildi. Kitab oxumaq artıq məcburiyyət yox, zövq idi. İnsan kitabın sehrli dünyasına ayaq basandan sonra gerçək həyata münasibəti də dəyişir: daha səbirli olur, daha çox düşünür, daha dərindən hiss edir. Hadisələrə hərtərəfli baxa bilir. Uşaq yaşlarından oxuma vərdişinin formalaşdırılması ona görə vacibdir ki, bu vərdiş sonradan dəyişməz həyat tərzinə çevrilir. Yetkin yaşda kitab oxumağa başlamaq mümkündür, amma uşaqlıqda yaranan vərdiş daha qalıcı və daha dərin olur. Bu günkü uşaqlar üçün isə təəssüf ki, kitablar yox, sosial media görüntüləri, oyunlar və qısa videolar daha cəlbedicidir. Mən yeni dövrün çağırışlarına qarşı deyiləm və oxuduğumuz bütün kitabların mütləq faydalı olduğunu da iddia etmirəm. Amma hazırkı sosial media mühitində zərərli, səthi və düşünməyə imkan verməyən kontentin çoxluğu da danılmazdır. Uşağa zorla kitab sevgisi aşılamaq mümkün deyil. Məcburiyyət yalnız əks effekt verir. Amma ona alternativsiz şəkildə ekran təqdim etmək də doğru deyil. Burada əsas məsələ balansdır: texnologiyanı inkar etmədən, amma kitabın yerini də unutdurmadan bir yol tapmaq. Bir başqa reallıq da var: Bu gün kitab oxuyan insanlar sanki yeni reallıqlar əsrində bir növ aciz qalıb. Bəşər övladı bütün dəyərlərini soyunub, bütün çılpaqlığı ilə ekranın qarşısına keçib. İnsan artıq özünü gizlətmir, filtrlə də olsa hər şeyini nümayiş etdirir: hisslərini, zəifliklərini, intim həyatını, düşüncələrini. Bizim  kağız dövrü uşaqlarının kitablardan süzüb, ələyib öyrəndiyimiz heç bir mənəvi dəyər bugünkü sürət erasında sanki işləmir."

 

Həmçinin mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova bildirib ki, ədəbiyyat empatiya və emosional zəkanın inkişafında həddindən artıq çox gözəl, mühüm rol oynayır:

 

"Bəzən insan iş həyatında belə ədəbiyyatda oxuduqları ilə qarşılaşır. Hətta görürsən ki, oxuduğu əsərlərin təsiri ilə empati qurur, münasibətlərini daha sağlam şəkildə formalaşdırır və öz həyatını qurmağı bacarır. Oxuduğumuz əsərlər, hekayələr və kitablar insanın davranışına, düşüncə tərzinə və dünyagörüşünə ciddi təsir göstərir. Bu gün ədəbiyyatdan qazandıqlarımız, ondan aldığımız dərslər və hətta uğurlarımız belə oxumağa olan sevgimizlə bağlıdır. Kitablar və şeirlər insanlarla qurduğumuz empatiyanı gücləndirir və bizi həm digər peşə sahiblərindən, həm də öz sahəmiz daxilində fərqləndirir. Məsələn, bir insanın müəyyən psixoloqa yenidən müraciət etməsi yalnız peşəkarlıqla bağlı deyil. Burada qurulan empatiya, ötürülən enerji və yaranan güvən də böyük rol oynayır. Savadsız psixoloq yoxdur, sadəcə hər mütəxəssisin verdiyi enerji fərqlidir. İnsan özünü daha rahat ifadə etdiyi, daha dürüst paylaşa bildiyi mühitdə qalmaq istəyir. Elə buna görə də bəzən rahatlıq tapa bilməyən şəxs məhz Aytən xanımın yanında özünü yaxşı hiss edir. Bütün bunların kökündə ədəbiyyatdan gələn empati dayanır. Oxuduqlarımızı təkcə anlamaqla kifayətlənmirik, onları hiss edir və şüuraltı şəkildə həyatımıza tətbiq edirik. Dərk etdiyimiz ədəbiyyatdakı müsbət nümunələr zamanla real həyatda davranışımıza çevrilir və bizi daha anlayışlı, daha həssas insanlara çevirir".

 

Eyni zamanda mövzu ilə bağlı kitabsevər Ədilə Hüseynzadə bildirib ki, ədəbiyyat insanın fərqli situasiyalarla, müxtəlif xarakter və obrazlarla tanış olmasına imkan yaradır:

 

"Oxucu hər bir hekayə və ya əsərin sonunda müəyyən nəticələr çıxarır, bu proses isə onun şəxsi fikirlərinin formalaşmasına, düşünmə qabiliyyətinin inkişafına xidmət edir. Bu məqamda ədəbiyyat stoizm fəlsəfəsi ilə eyni yolda addımlayır, çünki stoizm insanı düşünməyə çağırır tələsmədən, səssizcə, mənaya doğru. Düşünmək bu fəlsəfənin əsas sütunudur və kitab bu düşüncənin ən sədaqətli yol yoldaşıdır. Məhz buna görə ədəbiyyat uşaq yaşlarından insanın dünyagörüşünü səssiz, amma köklü şəkildə formalaşdırır. Oxucu fərqli xarakterləri müşahidə edir, fərqli həyat seçimlərinin izini sürür və sonda özü üçün bir həqiqət tapır. Ədəbiyyat düşünən insanların xəyal dünyasını formalaşdıran səssiz bir gücdür. Səsküylü, qarmaqarışıq və xaosla dolu həyatın içində bizə sakit bir dünyanın da mövcud olduğunu xatırladır. Tamamilə başqa bir məkanda, başqa bir həyatda, başqa cür nəfəs alan bir varoluşun mümkünlüyünü xatırladır. İnsan üçün xəyallar sadəcə qaçış deyil, yaşamaq səbəbidir. Xəyal varsa, ümid var; ümid varsa, yol da var.

 

Bu yolda bizim dahi romantik şairimizin fikri yada düşür: Mənim tanrım gözəllikdir, sevgidir!

 H.Cavid

 

Kitablar insana məhz bunu bəxş edir: inanmaq gücünü. Sətirlər arasında insan öz arzularını tapır, öz susqunluğunu anlayır, içində sönməyə üz tutan işığı yenidən yandırır. Ümid həyatda ən vacib dayaqdır. Çünki ümid olan yerdə insan dayanmaz, axtarar, dəyişər, yaradar. Ədəbiyyat isə bu ümidi qoruyan, onu sözlərdə yaşadan ən etibarlı sığınacaqdır. Oxuma vərdişi şəxsi inkişafın əsas vasitələrindən biridir. Mütaliə insanın bilik səviyyəsini artırır, analitik düşünmə və problemlərə yanaşma bacarığını inkişaf etdirir. Oxuduqca insan təkcə başqalarının fikirlərinə deyil, öz daxilindəki suallara da cavab axtarmağa başlayır. Xüsusilə oxuma vərdişi erkən yaşlarda formalaşdıqda, bu proses davamlı olur və insan öyrənməyi həyatının ayrılmaz bir hissəsinə çevirir. Beləliklə, mütaliə təkcə bilik deyil, həm də düşünən, anlayan və inkişaf edən bir şəxsiyyət formalaşdırır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər