00:00:00
Yazar
Admin User
13.10.2025 20:15 224 3 dəq oxuma
Mədəniyyət

Ədəbiyyatda qadın baxışı və rolu

Ədəbiyyatda qadın baxışı və rolu

Son illərdə ədəbiyyatda qadın müəlliflərin səsi daha çox eşidilir. Onlar yalnız hisslərdən deyil, cəmiyyətin, insan ruhunun və reallığın müxtəlif tərəflərindən yazır. Qadın baxışı ədəbiyyata həm səmimiyyət, həm də dərin düşüncə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında filoloq, pedaqoq, AJB üzvü, yazıçı Ülviyyə Əbülfəzqızı bildirib ki, ümumiyyətlə, ədəbiyyatda “Cins” anlayışını sevmirəm:

 

“Təbii ki, bu, mənim subyektiv fikrimdir. Məni dəstəkləyənlər də ola bilər, fikrimə qarşı çıxanlar da. Ədəbiyyat adamı doğuluşdan bu istedadlı ruhla doğulur və bu ruhun duyumu ən adi cümlələrdə belə hiss olunur. Mən ilk şeirimi 6 yaşımda yazsam da, daxilimdəki sandıqda gizlədirdim. Təbii ki, bu sandıq açılır. Düzdür, müəyyən vaxt alır, amma açılır. Və bu sandığı açan türk dünyasının unudulmaz şairi Xəlil Rza Ulutürkün qardaşı, mərhum Məhəmməd Xəlilbəyli olur. O, mənim ilk yazdığım şeiri redaktoru olduğu “Qələbə” qəzetində çap edib. Demək istədiyim budur ki, Uca Yaradan qadına da, kişiyə də ruh verir. Şairlik ruhun payıdır. Eləcə istedadı da Allah verir. Allah istəsə, şairlik istedadını tək kişiyə “hədiyyə” edər.

 

Keçmişə nəzər salsaq, əvvəl “Materixat”, sonra isə “Paterixat” mərhələsi başlayır. Qadın yazarlar zərifliyin gücünü sənətə ərmağan edir. Qadın yazarlar həyata qəlbin gözü ilə baxır. Onların qələmində hisslərin izi daha böyükdür. Tarixdə iz salan bir çox şair xanımlarımız var:

 

12-ci əsr poeziyamızın unudulmaz xanımı Məhsəti Gəncəvi, 18-ci əsrin sonu, 19-cu əsrin başlanğıcında Füzuli ədəbi məktəbinin davamçılarından olan Heyran xanım, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və başqaları. Dünya ədəbiyyatına boylansaq, romanları ilə iz qoyan Vircinya Vulf, Nobel mükafatı alan ilk latın amerikalı Qabriela Mistral, Maya Anjelu, rus poeziyasının parlaq siması Anna Axmatova və digərlərini də misal gətirmək olar.

 

Maarifçilik mənim üçün elm, təhsil və ən əsası, öz daxilindəki işığı tapmaqdır. İnsan daxilindəki nuru tapandan sonra zülməti qova bilər. Bir yazar oxucusunun ruhunu oyatmaq bacarığına malik olmalıdır. İstər nəzm, istər nəsr nümunələrində yazar, şair oxucularına onları aydınlığa çıxaracaq cümlələrlə təsir etməlidir. Mənim ikinci kitabım “Sirli güzgü” bu məqamlara toxunur. Kitabda Vətən müharibəsi şəhidi Səbuhi Əsədovun qəhrəmanlıqlarından söz açılır, amma əsərin ikinci hissəsində qadınların yazar olarkən üzləşdiyi ailə problemlərindən bəhs olunur. Əsərin sonunda maarifçilik, əlbəttə, işığın qaranlığa qalib gəlməsi ilə yekunlaşır. Şagirdlərim üçün yazdığım ədəbi nümunələrdə də bu prinsipə sadiq qalıram. Qadın obrazları sadəcə bədii fiqurlar deyil - onlar cəmiyyəti əks etdirən güzgülərdir. Qadın qəhrəman vasitəsilə göstərmək istəyirəm ki, qadın yalnız evdə, ailədə, sakit kölgədə deyil. O, düşünür, yaradır, sevir, mübarizə aparır və dəyişir.

 

Cəmiyyətin “itaətkar qadın” stereotipini sındırmaq vacibdir.

 

Mənim qəhrəmanlarım çox vaxt səssiz görünür, amma içlərində böyük bir üsyan var-o, azadlığın, özünü dərk etmənin səsi olur. Qadın qəhrəmanlar vasitəsilə biz göstəririk ki, qadın yalnız hissin deyil, həm də düşüncənin daşıyıcısı olur. Bu, həm sosial, həm də mənəvi azadlığın başlanğıcıdır.

 

Müasir dövrdə qadınlar müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə fəaliyyət göstərir və sonra qayıdıb “evdarlıq obrazını” da mükəmməl yerinə yetirir.

 

Fikrimi Ulu Öndərin qiymətli cümlələri ilə yekunlaşdırıram:

 

“Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynayır".

 

Ədilə Hüseynzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər