Deepfake - gördüyümüz hər şey doğrudurmu?
Süni intellekt texnologiyalarının inkişafı ilə foto, video və audio məzmunun saxtalaşdırılması asanlaşıb. Bu isə xüsusilə, media sahəsində yayılan görüntülərin həqiqiliyinin yoxlanılması məsələsini aktuallaşdırıb. Jurnalistlərin qarşısında duran əsas məsələlərdən biri də saxta məzmunu real görüntülərdən ayırmaqdır.
Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, jurnalist hər hansı görüntünü avtomatik olaraq həqiqət kimi qəbul etməməli, xüsusilə ictimai əhəmiyyət daşıyan, tanınmış şəxslərlə bağlı, emosional və sensasiya xarakterli materialları diqqətlə yoxlamalıdır:
“İlk növbədə məzmunun hansı mənbədən yayıldığı, ilk dəfə harada paylaşılması, orijinal faylın olub-olmaması və məlumatın digər etibarlı mənbələrlə təsdiqlənib-təsdiqlənmədiyi araşdırılmalıdır. Həmçinin üz və səs arasındakı uyğunsuzluq, işıq-kölgə fərqləri, mimika və göz qırpmalarındakı qəribəliklər, əllər və barmaqlardakı deformasiya kimi texniki detallara diqqət edilməlidir. Lakin müasir deepfake-lər yüksək keyfiyyətli olduğundan yalnız vizual müşahidə kifayət etmir. Jurnalistin əsas prinsipi belə olmalıdır: “Gördüyümə deyil, yoxladığıma etibar edirəm.” Bir görüntünün həqiqiliyini müəyyən etmək üçün müxtəlif yoxlama üsullarından kompleks şəkildə istifadə etmək vacibdir. İlk olaraq məzmunun yayılma mənbəyi və ilk dəfə harada paylaşılması araşdırılmalıdır. Əks görüntü axtarışı, videodan seçilmiş kadrların internetdə axtarılması və açıq mənbələrin təhlili vasitəsilə materialın əvvəlki istifadəsi və konteksti müəyyən edilə bilər”.
Ekspertin sözlərinə görə, bununla yanaşı, geolokasiya, tarix və hadisə uyğunluğu yoxlanılmalıdır:
“Məkanın həqiqətən hadisə ilə əlaqəli olub-olmadığı hava şəraiti, binalar və küçə elementləri əsasında müəyyən edilə bilər. Deepfake-i aşkarlamaq üçün xüsusi süni intellekt alətlərindən də istifadə olunur. Lakin heç bir texnoloji vasitə 100 faiz dəqiqlik vermir. Buna görə ən etibarlı üsul müxtəlif mənbələrdən təsdiq almaq, şahidlər, rəsmi qurumlar və müstəqil ekspertlərlə əlaqə yaratmaqdır. Yəni süni intellektin yaratdığı problemlərə qarşı həm texnologiyadan, həm də klassik jurnalist doğrulama metodlarından birlikdə istifadə edilməlidir. Ən əsas problem informasiyanın doğruluğunun müəyyən edilməsinin çətinləşməsidir. Əvvəllər foto və video hadisənin baş verdiyini göstərən mühüm sübut hesab olunubsa, bu gün həmin materialların özünün də yoxlanılması zəruridir. Bu isə xəbər hazırlama prosesini mürəkkəbləşdirir. Digər problem sürət və dəqiqlik arasındakı ziddiyyətdir. Sosial mediada məlumatlar saniyələr ərzində yayılsa da, peşəkar yoxlama daha çox vaxt tələb edir. Tələsik qərarlar nəticəsində saxta məzmunun yayılması auditoriyanın yanlış məlumatlandırılmasına və mediaya ictimai etimadın azalmasına səbəb ola bilər. Digər təhlükəli tendensiya “yalanın dividendi”dir (liar’s dividend). Problem yalnız saxta görüntünün həqiqi qəbul edilməsi deyil, həqiqi görüntünün də saxta elan edilə bilməsidir. Nəticədə insanlar real görüntülərə belə şübhə ilə yanaşmağa və “bu da süni intellekt məhsulu ola bilər” düşüncəsinə başlayırlar”.
Hazırda bəzi beynəlxalq media qurumlarında süni intellekt və rəqəmsal verifikasiya üzrə mütəxəssislər çalışır. Texnologiya şirkətləri isə foto və videoların mənşəyini və yaradılma tarixçəsini göstərən sistemlər üzərində işləyirlər. Buna görə jurnalistlər üçün süni intellekt savadlılığı və rəqəmsal verifikasiya bacarıqları getdikcə daha vacibdir. Müasir jurnalist yalnız məlumat toplamalı deyil, həm də rəqəmsal məzmunun həqiqiliyini yoxlamağı bacarmalıdır.
Fatimə Qulizadə