"Demək olar ki, gündə 20 təkan qeydə alınır" Qurban Yetirmişli
Azərbaycanda ötən ay 4-5 ballıq zəlzələrin sayı çoxalıb. Bu isə həmin yeraltı təkanların daha da artması ehtimalını doğurur. Qafqaz regionunun seysmik aktivliyini də nəzərə alsaq, baş verənlər insanları təşvişə salır. Bəs bu proses daha da təhlükəli hal ala bilərmi?
Son bir ayda baş verən yeraltı təkanlar ən çox Xaçmaz, Hacıqabul, Qəbələ, Lənkəran regionlarında hiss edilib. Cənub ərazisində qeydə alınan zəlzələlər həmin regionda yaşayan insanların hiss edə biləcəyi dərəcədə yəni, 4-5 bal gücündə olub. Yeraltı təkanların artması və hələ də davam etməsi insanlar arasında təşvişə səbəb olur. Bu zaman belə bir sualı aktuallaşır. Azərbaycanda seysmik aktivlik daha da qorxulu hal ala bilərmi?
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, demək olar ki, gün ərzində 20 təkan qeydə alınır: “Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir. Buna görə də hiss olunmayan kiçik təkanlar baş verir. Lakin aktiv qırılma zonaları və blokların hərəkətini nəzərə alsaq, hazırda GPS stansiyalarının sayının 2-3 dəfə artırılmasına ehtiyac var”.
Qeyd edək ki, Azərbaycanda quraşdırılan GPS stansiyalar tektonik blokların hərəkət fərqini hesablamağa və gərginliyin toplandığı əraziləri aşkar etməyə imkan verir. Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona var. Bu ərazilər potensial zəlzələ ocaqları kimi səciyyələndirilir. Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, bundan sonra regionda güclü təkanların və enerji boşalmalarının olacağı gözlənilmir.
Fidan
