00:00:00
Yazar
Admin User
08.09.2023 16:11 476 3 dəq oxuma
Sosial

DEPUTAT: MƏLLİMLƏRİN MAAŞI ORTA AYLIQ ƏMƏK HAQQINDAN YÜKSƏK OLMALIDIR

DEPUTAT: MƏLLİMLƏRİN MAAŞI ORTA AYLIQ ƏMƏK HAQQINDAN YÜKSƏK OLMALIDIR

   Azərbaycanda müəllimlərin orta aylıq maaşı ölkə üzrə ümumi orta aylıq əmək haqqından aşağıdır. Deputat Vüqar Bayramovun sözlərinə görə, təhsil ölkənin, cəmiyyətin və eləcə də, iqtisadiyyatın inkişafında əsas lokomotivdir. Bunun üçün də təhsilverənlərin əməklərin daha yüksək qiymətləndirilməsi önəmlidir.

   Gülnar Şirinova 11 ildir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 4-cü sinfə qədər şagirdlərə dərs dediyi üçün aldığı maaş keçdiyi dərslərin saatına uyğun hesablanır. Deyir ki, sertifiksiya imtahanına qədər müxtəlif vaxtlarda aldığı məvacib 600, 700, sonuncu dəfə 837 manat olub. “Sertifikasiya imtahanının birinci mərhələsindən 57 bal, 60 baldan 57 bal toplamışam. Daha sonra müsahibəyə dəvət olunub 36 bal toplamışam. Ümumi olaraq 93 bal. 35 faizlik əlavəyə düşmüşəm əvvəl 837 manat sonra 1223 manat almışam”.

   Yeni tədris ilinin başlanğıcında müəllimlərin orta əmək haqqı 830 manat olub. Bu, ölkə üzrə orta aylıq əmək haqqından 10 faiz azdır. Milli Məclisin üzvü Vüqar Bayramov deyir ki, Avropada ən yüksək əmək haqqı alan müəllimlər Luksenburqda yaşayırlar: illik əmək haqqları 69,076 avrodur. İsveçrə bu məbləğ 66,972, Almaniya 54,129, Danimarkada isə 47,980 avrodur. Qardaş Türkiyədə müəllim orta hesabla ildə 12 min dollar maaş alır. Türkiyədə müəllimlər öz ölkələrinin orta aylıq əmək haqqı ilə müqayisədə təxminən 2 dəfə çox qazanc əldə edirlər. Bu baxımdan, Azərbaycanda da müəllimlərin orta aylıq maaşının ölkə üzrə orta aylıq əmək haqqından daha yüksək olması vacibdir. “Bizim təklif də ondan ibarətdir ki, sertifikatlaşdırma ilə bağlı daha yüksək nəticə göstərən müəllimlərimizin əmək haqqlarının yeni mexanizmə uyğun qiymətləndirilməsi və artırılması həyata keçirilsin. Nəzərə alsaq ki, mövcud mexanizmə əsasən sertifikasiyada iştirak edib o cümlədən 50 bal yığmış müəllimin, yəni bütövlükdə ümumi olaraq sualların 83, 3 faizini doğru cavablandırmış müəllimin 30 bal yığmış müəllimlə əməkhaqqı artımı eynidir. Hər iki müəllimdə 10 faiz əməkhaqqı artımı həyata keçirilir. Halbuki, bir müəllim 83, 3 faiz yəni 80 faizdən yüksək, digər müəllim 50 faiz nəticə göstərib. Bütün bunlara baxmayaraq hər iki müəllimdə əmək haqqı artımı cəmi 10 faizdir”.

  Buna görə də Vüqar Bayramov daha ədalətli və təşviqedici əməkhaqqı artımı mexanizminin tətbiqinə ehtiyac olduğunu hesab edir. “Xüsusən də 80 faizdən yüksək bal toplamış, nəticə göstərmiş müəllimlərimizin əmək haqllarının 35 faiz artırılmasına ehtiyac var ki, bu, həm orta aylıq əmək haqqının daha yüksək olmasına, eyni zamanda müəllimlərimizin əməyinin daha yüksək qiymətləndirilməsinə imkan versin. Eyni zamanda bu istiqamətdə dövlət dəstəyi də artıb. Dövlət büdcəsindən 2023-cü ildə bu istiqamətdə 4,4 milyard vəsaitin ayrılması nəzərdə tutulub və artıq vəsait ayrılıb. Bu 2021-ci illə müqayisədə 44 faiz çoxdur”. Milli Məclis üzvünün sözlərinə görə, bu baxımdan daha səmərəli əmək haqqı sisteminin yaradılması ilə bağlı islahatlar dərinləşməlidir.

    Mütəxəssislər isə "aparılan islahatların miqyası daha geniş olmaldır" deyirlər. Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, diferensiallaşmış əmək haqqı sistemi təkcə müəllimin sertifikasiyada topladığı bala görə deyil, ümumilikdə onun pedoqoji fəaliyyətində olan nəticələrə görə ölçülməlidir. “Beynəlxalq sistemdə də diferensiallaşmış əmək haqqı sistemi tətbiq edən ölkələr demək olar ki, çoxdur. Xüsusilə də təhsili inkişaf etmiş ölkələrdə. Onlar da müəllimin təkcə bilik, bacarığının ölçülməsi və yaxud keyfiyyət nəticələrinin ölçülməsi ilə deyil, ümumilikdə pedoqoji fəaliyyət zamanı əldə etdiyi uğurlara görə diferensiallaşmış əmək haqqı kimi tətbiq olunur”.

  Ekspert onu da əlavə etdi ki, əgər sözügedən maaş artımı sistemi Azərbaycanda da tətbiq edilsə, bu, müəllimlərin daha çox motivasiya olmasına və onların əməyinin stimullaşdırılmasına gətirib çıxaracaq.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər