00:00:00
Yazar
Admin User
20.01.2026 15:04 263 5 dəq oxuma
Mədəniyyət

Dilimizin qorunması milli kimliyin möhkəmlənməsinə xidmət edir

Dilimizin qorunması milli kimliyin möhkəmlənməsinə xidmət edir

Ana dili hər bir xalqın milli kimliyinin əsas daşıyıcısı və qoruyucusudur. Millətin tarixi yaddaşı, mənəvi dəyərləri, dünyagörüşü və düşüncə tərzi məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Tarixin müxtəlif mərhələlərində dilimiz təzyiqlərlə üzləşsə də, xalq onu qoruyub saxlamış, öz milli varlığının əsas dayağı kimi yaşatmışdır. Qloballaşma isə müasir dünyanın ayrılmaz hissəsidir və bu proses müxtəlif sahələrdə olduğu kimi, dil mühitinə də ciddi təsir göstərir.

 

Mövzu ilə bağlı olaraq "İnformator.az" a açıqlamasında  Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirib ki, qloballaşma milli kimlik və dil üçün ciddi təhdid yaradır, buna görə də hər bir xalq öz dilini qorumaq üçün tədbirlər görməlidir:

 

“Qloballaşma proseslərinin kəskin şəkildə ortaya çıxardığı bir çox müasir problemlər arasında milli kimlik problemi önəmli yer tutur. Heç kəs şübhə etmir ki, qlobal güclərin milli sərhədlərin yuyulması kimi bir hədəfi var. Yapon əsilli ABŞ filosofu Frensis Fukuyama bildirir ki, iqtisadi güclər əvvəllər millətçiliyə səbəb olub, mərkəzləşdirilən, linqvistik cəhətdən homogenləşdirilən, icmalar yaradıb. Milli dil və mədəniyyətlər isə milli kimliyin formalaşması ilə ayrılmaz şəkildə bağlıdır. O, milli dilləri və mədəniyyətləri təbliğ etdiyi liberal dünya nizamının sabitliyini təhdid edə bilən çox güclü bir amil hesab edir.

 

Qloballaşma dövründə böyük güclərin milli mədəniyyət və dillərə təsiri texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə artır. Onlar əmindirlər ki, millətçilik məhvə məhkumdur və qloballaşma yeni dünya nizamı yaradacaq. Bu təhdidlərə görədir ki, öz milli kimliyini qorumaq istəyən, dilinə hörmət edən hər bir xalq müvafiq tədbirlər görür. Bəzən bu müdafiə tədbirləri linqvistik purizm səviyyəsinə çatır. Məsələn, 1976-cı ildə Fransada yerli dili ingilis dili və digər dillərin, eləcə də xarici mədəniyyətlərin həmləsindən qorumaq üçün qanun qəbul edilib. Bu ölkədə hətta NATO beynəlxalq abreviaturu yoxdur, onu OTAN kimi yazırlar. Fransızlar əcnəbi sözlərin dilə daxil olmasına yad mədəniyyətlərin kodlarının və həyat tərzi elementlərinin yerli dilə soxulub kök salması kimi baxır və bunu qəbul etmirlər. Buna görədir ki, 1994-cü ildə Fransada əcnəbi sözlərin istifadəsini qadağan edən daha sərt qanun - Turbon qanunu qüvvəyə minib. Bu qanuna görə, hər hansı sözün fransızca ekvivalenti tapılmayınca ondan istifadə edilmir”.

 

Həmçinin Vasif Sadıqlı bildirib ki, dövlət proqramları və qanunlar milli dili qorumaq üçün vacibdir, amma dil həm tarixi, həm də müasir təzyiqlərlə qarşı-qarşıyadır:

 

“2013-cü ildə ölkəmizdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Həmin Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınması üçün ayrı-ayrı təşkilatların vəzifələri müəyyən edilib. Proqramda deyilir ki, bu işdə ictimaiyyətin iştirakı da təmin edilməlidir.

 

Fikrimizcə, dilimizin lüğət tərkibində alınma sözlərin və kalkaların xüsusi çəkisinin artması üçün ciddi tədbirlər görülməlidir. Müasir elmi-texniki tərəqqi dövründə “söz və ifadə istehsalı” da yüksək həddə çatıb. Hazırda bir gündə Oksford lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. 2024-cü ildə bir qrup ziyalı Prezidentə müraciət edərək, ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirib.

 

Dövlət başçısı AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında bu məsələyə münasibət bildirib:

 

“Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

 

Eyni zamanda müsahib bildirib ki, Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib:

 

"Ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi: Bundan başqa, nəzmi-nazik əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üsluba axın etməsi ilə nəticələnirdi. Orta əsrlərdə müxtəlif dillərdən alınma eyni mənalı, yaxud sinonim sözlər, ifadə vasitələri, hətta şəkilçilər milli sözlərlə yanaşı şəkildə işlənib. Onların arasında bazar rəqabətinə bənzər yarış olub".

 

Son olaraq müsahibimiz bildirib ki, gənclik insanın xarakterinin formalaşması, özünütəsdiqi ilə səciyyələnən yaş dövrüdür:

 

"Gənclər xarici dilləri bilik və imkanlarını artırmaq üçün öyrənirlərsə, bu, təqdir edilməlidir. Amma əgər gənclər xarici mədəniyyətlərin, onların məhsullarının (bədii filmlər, seriallar) təsiri ilə milli olanı arxa plana itələyib, başqa xalqların kino və s. qəhrəmanlarını və dilini təqlid edirlərsə, demək, milli ideologiyamızın təbliğində ciddi boşluqlar var. Bu, mədəni təhlükəsizlik probleminin həlli üçün zəruri mexanizmlərin işə salınmamasını göstərir. Son vaxtlar məhz gənclərin sayəsində xarici telekanalların və sosial şəbəkələrin təsiri ilə ədəbi dilimizin təkcə leksik yox, həm də qrammatik, orfoepik normalarının pozulmasında artım müşahidə edilir. Bu, daim müvafiq orqanların diqqət mərkəzində olmalıdır. Televiziya kanallarımızda yüksək səviyyəli verilişlərin az olması gənclərin üzünü xarici televiziyalara çevirməsi ilə nəticələnir və bu da norma pozuntularının yayılması üçün münbit şərait yaradır.

 

Şifahi və yazılı rabitəli nitq qabiliyyətləri orta məktəbdə dərindən öyrədilməlidir. Test (kurikulum) tətbiqindən sonra bu sahədə geriləmə olduğu bildirilir, dərs danışma praktikası sıradan çıxarılıb, inşa yazılara vaxt ayrılmır. Nəticədə orta məktəbi bitirənlərin çoxunun yazılı və şifahi nitq səviyyəsi aşağı olur. Mediaya gəlincə, XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbi dilimizin xalq dilinə yaxınlaşmasında, leksik mənası geniş xalq kütlələri tərəfindən anlaşılmayan sözlərdən və uzun izafət tərkiblərindən arınmasında mətbuatın həlledici rolu olub. “Əkinçi” və “Molla Nəsrəddin” dərgiləri bu prosesdə nümunədir”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər