Diləndirilən uşaqlarla bağlı xəbər var
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra 20 yanvar metrostansiyasının keçidində diləndirilən 2 azyaşlı sığınacağa yerləşdirilib.
Diləndirildiyi iddia edilən 2 azyaşlının sığınacağa yerləşdirilməsini valideynləri qəzəblə qarşılayıb. Övladları əllərindən alınan ana və ata Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücüm edib. Bütün cəhdlərə baxmayaraq uşaqlar valideynlərə geri qaytarılmayıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, uşaqlar sığınacağa gətirildikdən sonra onların valideynləri övladlarının mərkəzdə olmasıyla bağlı məlumatlandırılıb: “Dərhal, heç üstündən yarım saat keçməmiş həmin uşaqlar orada aşkarlandı. Və metropoliten əməkdaşları uşaqları bizim sığınacağa gətirərək akt əsasında təhvil verdilər. Ailəyə də məlumat verildi ki, uşaqlar bizdədir. Amma siz uşaqları bizdən deyil, artıq qiymətləndirmədən sonra Sosial Xidmətlər Agentliyinə müraciət edib oradan götürəcəksiniz, onlar razılıq verəcəklər. Və bütün mübahisələr də ondan sonra başladı”.
Uşaqların anası isə deyir ki, həmin vaxt evdə olmayıblar. Uşaqlar onlardan xəbərsiz evdən çıxaraq diləniblər.
İnsidentdən sonra hətta Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə naməlum şəxslər də hücum edib. Əraziyə dərhal polis cəlb olunub. Qeyd edək ki, insidentin təfərrüatları və baş vermə səbəblərinə araşdırmadan sonra aydınlıq gətiriləcək.
Aysu
