“Dilqəm Əhməd və Azərbaycan mətbuatına dair tədqiqatları” kitabının təqdimatı keçirildi
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Mehin Vəliyevanın müəllifi olduğu “Dilqəm Əhməd və Azərbaycan mətbuatına dair tədqiqatları” kitabının təqdimatı və imza saatı keçirildi.
Təqdimata keçid almazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında kitabın müəllifini təbrik etdi:
“Bu gün dünyada kitab və mütaliə mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilir. Oxuyan və düşünən cəmiyyət daha güclü, savadlı və inkişaf etmiş olur. Bir millətin özünü dərk etməsi üçün öz tarixini bilməsi önəmlidir. Bizim tariximizin ən gözəl və şərəfli mərhələlərindən biri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrüdür. Həmin dövrdə bir çox ziyalılar yetişdi və millətin inkişafı üçün böyük xidmətlər göstərdilər. Onlardan biri də Əhməd Ağaoğlu idi. Hətta ona Sorbonna Universitetində qalmaq təklif olunub, lakin o, vətəninə qayıtmağı və xalqına xidmət etməyi üstün tutub. Kitab yazmaq asan iş deyil. Bir kitabın ərsəyə gəlməsi böyük zəhmət, səbr və bilik tələb edir. Gənc yaşda elmə önəm verərək kitab ərsəyə gətirmək isə xüsusilə, təqdirəlayiqdir. Ən böyük xoşbəxtlik vətəninə, xalqına və millətinə xidmət etməkdir. Arzu edirəm ki, bu kitabların davamı gəlsin”.
Filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i Qulu Məhərrəmli çıxışında bildirib ki, Mehin çox cəsarətli işə girişib:
“Hesab edirəm ki, çox uğurlu alınıb. Cümhuriyyət qurucularımızın taleyi, mətbuatımızın tarixi və milli düşüncə ilə bağlı Dilqəm Əhmədin araşdırmaları çoxdur. Bu mövzular onun tədqiqatlarında xüsusi yer tutur və milli tariximizin daha dərindən öyrənilməsinə mühüm töhfə verir. Bizdə mətbuat tarixini yazan dəyərli alimlərimiz var. Allah rəhmət eləsin, Şirməmməd Hüseynov, o, Azərbaycan mətbuat tarixinin araşdırılması və öyrənilməsi sahəsində böyük xidmətlər göstərmiş görkəmli alimlərdən biri idi. Nəriman Zeynalov, Azərbaycan mətbuat tarixinin fundamental tədqiqatlarını aparmış alimlərdən biridir. Şeir yaxşıdır, poeziya gözəldir, qəzəl isə insanın ruhunu oxşayır. Ədəbiyyat min illərdir mövcud olduğu bir dövrdə əsas məqsədi insanı kamilliyə yetişdirməkdir. Mətbuat isə cəmiyyəti formalaşdırır, cəmiyyəti ifadə edir. Belə bir mətbuat isə “Əkinçi” qəzeti ilə 1875-ci ildə tarix səhnəsinə gəldi. Təbrik edirəm, Mehin. Arzu edirəm ki, gələcəkdə daha böyük və uğurlu kitablarını görək”.
Kitabın müəllifi Mehin Vəliyeva çıxışında iştirak edənlərə təşəkkürünü bildirdi:
"Kitabla bağlı çox gözəl fikirlər söyləndi. Burada Bakı Dövlət Universitetinin dəstəyi mənim üçün danılmazdır. Bütün tədqiqat işləri hazırlanandan öncə mən Dilqəm müəllimin işləri ilə tanış idim. Elmi işlər içərisində bu mövzunun yer alması mənim üçün xoş oldu. Ardınca isə öyrəndim ki, elmi rəhbərim Qərənfil xanım olacaq. Bu kitabın ərsəyə gəlməsi çox zəhmət və əmək tələb etdi. Dilqəm müəllim Türkiyədən qayıtdıqdan sonra mənə bütün kitablarını hədiyyə etdi və bu, mənim üçün çox dəyərli və gözəl bir xatirə oldu. Onun bu yaradıcılıq yolunda mənə göstərdiyi dəstək isə xüsusilə, sevindirici idi. İkinci kitab olaraq neft sahəsinə aid olmasını istəyirəm. Çünki neft sektorunda bir çox xanımlarımız çalışır və onların əməyini göstərmək vacibdir. Eyni zamanda hasilatda aşağı təbəqədən yuxarı təbəqəyə qədər müxtəlif insanların zəhməti və fədakarlığı var. Cümhuriyyət dövründə də neftin çıxarılması və inkişafı istiqamətində xeyli işlər görülüb. Mən Nəsiman Yaqublunu anmaq istəyirəm. O, həmişə mənimlə maraqlanır, məni universitetə dəvət edir və işlərimi yenidən oxuyurdu. Həmişə mənə deyirdi: “Həvəsdən düşmə”, bu sözlər isə mənim üçün böyük dəstək və ruhlandırıcı oldu. İlk dəfə məni Milli Arxiv İdarəsinə Qərənfil xanım aparıb. Orada Qərənfil xanım həmişə qeyd edirdi ki, “Sən çox həvəslə çalışırsan”. Məni bu yolda ən çox həvəsləndirən məhz siz oldunuz, Qərənfil xanım. Diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm”.
Daha sonra söz Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızı Quliyevaya verildi:
“Bu tədbirin özəlliyi və gözəlliyi ondadır ki, Azərbaycan elminə gənc nəsil gəlir. Mehin bu işi sadəcə yazmaq xatirinə deyil, böyük zəhmət və məqsədyönlü araşdırma ilə ərsəyə gətirdi.Bu elmi iş Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yeganə işdir ki, birbaşa dövri mətbuatda yayımlandı. “525-ci qəzet” və “Şərq” qəzeti onu yayımladı. Bir tələbənin buraxılış işində bu qədər uğurlu işin alınması qürurvericidir. Kafedrada biz bir çox görkəmli alimlərin yaradıcılığı haqqında elmi işlər təqdim etmişik. Lakin Dilqəm Əhməd bu işə çox böyük məsuliyyətlə yanaşdı və iş müdafiə olunana qədər mənimlə əlaqə saxlayırdı. Bu, çox önəmli və diqqətəlayiq bir nüansdır. Mehin də bu işi böyük məsuliyyətlə, ciddi və dəyərli bir tədqiqat ortaya qoymaq məqsədilə hazırladı. Rəhmətlik Nəsiman Yaqublu da Mehin üçün əlavə materiallar hazırlayaraq onun araşdırmasına dəstək verirdi. O zaman mən ona dedim: “Bu qədər material gənc üçün çoxdur, həvəsdən düşməsin”. O isə cavabında dedi ki: “Qərənfil, hər şeydən əvvəl fikirləş ki, işin üzərinə ‘Filologiya elmləri doktoru, Qərənfil Dünyaminqızı’ yazılır, ona görə sən ilk növbədə öz məsuliyyətini dərk başa düş.”Yəni hər birimizin işə məsuliyyətlə və sevgi ilə yanaşması bu gün belə gözəl bir əsərin ərsəyə gəlməsinə səbəb oldu. Bu işdə tək mənim deyil, həmçinin Bakı Dövlət Universiteti Milli mətbuat tarixi kafedrasının, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi dekanlığının və hər bir müəllimin - başda Cahangir Məmmədli olmaqla, həm də Günay Məmmədovanın böyük əməyi və dəstəyi olmuşdur. Uğurlar arzu edirəm. Gələn hər kəsə təşəkkür edirəm. Bu, tək mənim elmi rəhbər kimi uğurum yox, burada əməyi olan hər kəsin uğurudur”.
Azərbaycan Televizayasının aparıcısı Mümtaz Xəlilzadə Mehinə uğurlar arzulayaraq onun fəaliyyətində müvəffəqiyyətlər dilədi:
“Kitab haqqında danışırıqsa, bir vaxtlar kitabsevərlərin hamısının tanıdığı məşhur bir kitabçı var idi. Qız Qalasının yanında kitab satan Elman dayı bu yaxınlarda vəfat etdi. Onun məşhur bir sözü var idi: “İki şey ucuz olmalıdır - biri kitab, biri çörək. Biri mənəvi qidamızdır, digəri isə fiziki qidamız”. Bəzən kitabların qiymətindən gileylənirik. İndi bu kitabın qiymətinin nə olduğunu bilmirəm, amma onun içindəkilərin qiyməti yoxdur. Mən düşünürəm ki, bu kitab da dəyərini maddi ölçü ilə müəyyən etmək mümkün olmayan kitablardandır. Xüsusilə, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə aiddirsə, ona dəyər biçmək mümkün deyil. Müəllifi təbrik edirəm, işiniz avand olsun və sizə uğurlar arzulayıram”.
“Çapar” və “Fayton” nəşriyyatlarının təsisçisi Yusif İlhamoğlu çıxışında Dilqəm Əhməd ilə 2014-cü ildən başlayan tanışlığını xatırladaraq, onun Cümhuriyyət tarixinə dair araşdırmalarının elmi və ictimai əhəmiyyət daşıdığını vurğuladı:
“Dilqəm Əhmədi 2014-cü ildən tanıyıram. O, Cümhuriyyət sevgisini daha da genişləndirdi, bu mövzuda araşdırmalarını budaqlandırdı, yarpaqladırdı və sonda Çapar Nəşriyyatını yaradaraq dəyərli işlər ortaya qoydu. Bu kitabın təqdimatı da Bakı Beynəlxalq Kitab Sərgisində keçirilmişdi. Mehin xanımı təbrik edirəm. Uğurlar arzu edirəm”.
Tarixçi alim, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd elmi yaradıcılığın dəyərini vurğulayaraq Mehinəni təbrik edib və onun yaradıcılığının davamını arzulayıb:
“Mənim üçün bu gün çox fəxrli bir gündür. Əhməd bəy Ağaoğlu xatirələrində yazırdı ki, ilk məqaləsi dərc olunanda sanki Paris küçələri ona baxır və onu qucaqlayırdı. Həqiqətən də hər şeyin ilki çox həyəcanlı olur. Bu baxımdan Mehini ürəkdən təbrik edirəm. Dəyərli ustadımız Qərənfil Dünyaminqızına da təşəkkür və təbriklərimi bildirirəm. Qərənfil xanım mənə bu iş haqqında danışanda mən təəccüblə “Mən nə etmişəm ki, mənim haqqımda elmi iş təklif olunur?”-dedim. O isə dedi ki, yaşın fərqi yoxdur. Bu iş yazılanda mən özüm də tələbə idim, doktorantura təhsili alırdım. Bəlkə də tələbə ola-ola haqqında elmi iş yazılan yeganə insanlardan biri mən olmuşam. Mehini ürəkdən təbrik edirəm. Bu elmi iş mənim üçün də çox xoş və qürurverici oldu. Kitablarının davamı olsun, yaradıcılığın daim inkişaf etsin və yeni dəyərli əsərlər ortaya çıxarmağa davam edəsən”.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı ruhu əks etdirən “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri və gənclərin timsalında bayrağın daim yüksəlməsi arzusuyla yekunlaşdı.

Zəri Bayramlı