“Mühakimə tamaşasında aktyorlar düşünməyi oynayır” – Rejissor Məhəmməd Məmmədov
Martın 7-də “Ritual” Teatr Laboratoriyasında “12 qəzəbli adam” motivləri əsasında hazırlanan “Mühakimə” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Məhəmməd Məmmədov “İnformator.az”a açıqlamasında layihənin fəlsəfəsi və səhnə həlli barədə maraqlı detalları bölüşüb.
Rejissor bildirib ki, layihədə əsas məqsəd klassik film ssenarisini kor-koranə təkrarlamaq deyil, onun mahiyyətini müasir kontekstdə işlək hala gətirməkdir:
“Mühakimə konkret bir məhkəmə hekayəsindən çox, düşünməyin, şübhə etməyin və kollektiv qərarın mexanizmini göstərir. Biz əsərin ‘onurğa sütununa’ toxunmadan hadisələri Azərbaycana köçürdük. Tamaşaçı səhnədə bizim cəmiyyətin nümayəndələrini, bizə yaxın personajları görəcək. Bu, klassika ilə bir növ dialoqa girməkdir”.
Məhəmməd Məmmədov yaradıcı heyət üçün ən çətin tapşırığın aktyorlardan “oynamağı” yox, məhz düşünmə prosesini real vaxtda nümayiş etdirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, emosiyalar daha çox pauzalar, baxışlar və susqunluqla ifadə olunur:
“Texniki quruluş elədir ki, aktyorlar tamaşaçıların arasında bu prosesi canlandırır. İzləyici özünü o gizli qapı arxasındakı müzakirənin bir hissəsi kimi hiss edəcək. Aktyorlar üçün gizlənməyə yer qalmır, 60 dəqiqə ərzində hadisələr kəsilmədən davam edir. Bu da daim artan bir enerji yaradır”.
Rejissor əlavə edib ki, tamaşada vizual effektlərdən və texnikadan minimum istifadə olunub. Məqsəd diqqəti yayındırmadan birbaşa aktyor oyununa və daxili enerjiyə fokuslanmaqdır:
“7 martda tamaşaçını parlaq dekorlar yox, yüksək psixoloji gərginlik, sıx atmosfer və tədricən artan daxili enerji gözləyir. Burada məkan, işıq və səs yalnız aktyorun daxili gərginliyinə xidmət edir”.
Lalə Əhməd
