DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdəki saxta xidmət səhifələrinə aldanmayın
Sosial şəbəkələrdə müxtəlif xidmətlər təklif edən saxta səhifələr vətəndaşları aldadaraq onların pul vəsaitlərini və şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrafilli bildirib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, haker və digər rəqəmsal xidmətlər təklif olunur.
Onun sözlərinə görə, ödəniş alındıqdan sonra isə xidmət göstərilmir. Daha sonra vətəndaşla əlaqəni kəsmək üçün telefon nömrələri və sosial şəbəkə hesabları bloklanır.
Lumu İsrafilli vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları şəxslərə ödəniş etməməyi və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edib.
Azərbaycan Kibertəhlükəsizlik Təhdidlərinin Araşdırılması (AKTA) ekspertinin Fərid Musayev sözlərinə görə isə vətəndaşlar xidmət təklif edən səhifələri araşdırarkən bir neçə məqama diqqət yetirməlidirlər.
Ekspert bildirib ki, ilk növbədə şirkətin və ya xidmət göstərən şəxsin profilinə, neçə ildir fəaliyyət göstərməsinə, əvvəlki işlərinə və müştəri rəylərinə nəzər yetirmək lazımdır.
Fərid Musayev qeyd edib ki, səhifənin yaxın zamanda yaradılması və qısa müddət ərzində çoxsaylı xidmətlər təklif etməsi də dələduzluq ehtimalını artıran amillərdəndir.
Mütəxəssislər bildirirlər ki, rəsmi qeydiyyatı və ünvanı olmayan, az sayda paylaşımı olan, qeyri-peşəkar istifadəçi adına sahib və qeyri-müəyyən vədlər verən səhifələrə qarşı xüsusilə diqqətli olmaq lazımdır.
Vətəndaşlar şübhəli hallarla qarşılaşdıqda Daxili İşlər Nazirliyinin 102 xidmətinə və qurumun sosial şəbəkələrdəki rəsmi hesablarına müraciət edə bilərlər.
Elmira Ağayeva, Vahid Zalov, Qəhrəman Məmmədov, AZTV Xəbər