00:00:00
Yazar
Admin User
27.01.2026 16:44 86 4 dəq oxuma
Sosial

Diplomlu gənclər niyə ixtisasından kənar işlərə yönəlir?

Diplomlu gənclər niyə ixtisasından kənar işlərə yönəlir?

Ali təhsil alan minlərlə gənc əmək bazarına çıxdıqdan sonra ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Nəticədə bir çoxu satıcı, ofisiant və digər sahələrdə çalışmağa məcbur qalır. Bu vəziyyət təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunsuzluğu gündəmə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, hər hansı bir peşənin əmək bazarına daxil olması gələcəkdə uyğunlaşdırma mexanizmləri ilə birlikdə aparılmalıdır:

 

“Son zamanlarda bilirik ki, bu sahələrdə qarşılıqlı olaraq çox dəyişikliklər baş verib və əmək bazarında formalaşma əsasları dəyişir. Gözlənilir ki, yaxın dövrlərdə də bu dəyişikliklər davam edəcək və əmək bazarında uyğun sayda əmək təmin olunacaq. Məsələn, işlərə qəbul prosesləri həm məsuliyyətlərə, həm də tələblərə uyğun şəkildə aparılmalıdır. Əmək bazarında işlərə uyğun məsuliyyətlərin hazırlanması əsas məsələdir. Hər hansı bir peşənin əmək bazarına daxil olması gələcəkdə uyğunlaşdırma mexanizmləri ilə birlikdə aparılmalıdır. Bunlar əsasən təsirsiz işlərin aradan qaldırılmasına yönəlib. Əmək səbəblərinin birləşdirilməsi isə əmək bazarında uyğun sayda əmək qüvvəsinin formalaşmasına və işsizliyin qarşısının alınmasına xidmət edir. Bu səbəbdən bir çox tədbirlər dəyişdirilir, vəzifə və peşə istiqamətləri yenidən formalaşdırılır. İclaslarda bu dəyişikliklər müzakirə olunur və əmək bazarında uyğun sayda iş yerləri üzrə məsuliyyətlər müəyyənləşdirilir. Bu baxımdan qarşılıqlı dəyişikliklər baş verir və əmək bazarı yenilənir. Bu səbəblə vaxtında bitirilən praktik işlər nəzərdə tutulur və təhsil müəssisələri bu prosesə cəlb edilir. Təhsil müəssisələrində artıq ikinci kursdan sonra tələbələr real olaraq praktik işlərə hazırlanır, iş prosesinə cəlb olunurlar və işlərə qoşulmaları məcburi xarakter daşıyır. Bu da əmək bazarındakı dəyişikliklərə təsir edir. Müəssisələrə daxilolma mexanizmləri nəzərdə tutulur və real şəraitə uyğunlaşdırılır. Müəllim və mütəxəssislər bu reallığa uyğun işlədikdə, praktiki bacarıqlar daha da güclənir. Bu səbəblərlə əmək bazarına daxilolma prosesi asanlaşır və müasir müəssisələrdə daha real, yenilənmiş iş imkanları formalaşır. Bu istiqamətdə dəyişikliklər davam edir”.

 

Həmçinin mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov da fikirlərini saytımızla bölüşüb:

 

“Birincisi, diplom işi sadəcə kağızdır və bizim ali təhsil müəssisələrində diplom istehsal edən strukturlar mövcuddur. Çox vaxt bu məsələyə ciddi baxılmalıdır və tələbə-diplom münasibətinə diqqət yetirilməlidir. Təəssüf ki, bəzi hallarda diplom istehsalı bir biznesə çevrilib və oradakı iş adamları sistemin bu boşluğundan istifadə edərək nə gənclərə, nə də dövlətə real fayda verirlər. Təhsilin yeganə məhsulu diplom kimi təqdim olunur. Tələbə təhsillə deyil, diplomun satışı ilə məşğul olan bir sistemin içində idarə olunur və bu, absurd bir vəziyyətdir. Universitetlərdə bu məsələ təşviq olunur və təhsil müəssisələrinin təlimatlarına əsasən bu şəkildə fəaliyyət göstərilir. Orada diplom satılır və diplomlu, lakin bacarıqsız məzunlar yetişdirilir. Bu məzunlar əmək bazarının tələbinə uyğun deyil. İqtisadiyyat isə real əmək bazarının tələbinə əsaslanmalıdır. Amma biz görürük ki, nisbətən az keyfiyyətli təhsil alanlar diplom əsasında iş tapmağa çalışır, nəticədə ölkədə üçüncü bir problem yaranır: əmək bazarı zəifləyir. Ən bacarıqlı və potensiallı insanlar ölkəni tərk edir, ən zəif kontingent isə ölkədə qalır. Getdikcə ölkənin insan kapitalı geriləyir. Ən güclü, ən savadlı gənclər xaricə gedir, burada isə keyfiyyətsiz kadrlar qalır. Bu, uzunmüddətli perspektivdə ölkə üçün çox ciddi problemdir və bunun geri dönüşü demək olar ki, yoxdur. İnsanları ölkədə saxlamaq üçün real mexanizmlər yaradılmalıdır. Təhsil sistemi və əmək bazarı bir-birinə uyğunlaşdırılmalıdır. Bu gün həm dövlət sektorunda, həm də özəl sektorda əmək məhsuldarlığı çox aşağıdır. İnsanlar bacarığa görə deyil, başqa faktorlar əsasında irəli çəkilir, vəzifə tutur və s. Belə bir mühitdə təhsil öz dəyərini itirir. İnsanlar real bilik almadan diplomla məzun olurlar. Amma diplom artıq heç nə demək deyil, çünki diplomsuz insanlar da eyni işləri görə bilir. Bu vəziyyətdə artıq reallığı qəbul etməliyik. İqtisadiyyatda real tələbat var və bu tələbat daim dəyişir. Yeni texnologiyaların tətbiqi əmək bazarını ciddi şəkildə dəyişir. Ona görə də yalnız “diplomlu olmaq” anlayışını kənara qoymaq lazımdır. Əsas məsələ bacarıq və praktik bilik olmalıdır. Daha çox tətbiqi bacarıqlar ön plana çıxmalıdır. İnsanların iqtisadi istiqamətdə konkret bacarıqlara sahib olması vacibdir. Mühəndislik, texniki və tətbiqi sahələrdə praktika əsas rol oynamalıdır. Standartlar real işlər üzərində qurulmalıdır. Bir mütəxəssis 10-15 müxtəlif bacarığı özündə birləşdirməli və bu bacarıqları real iş mühitində tətbiq etməyi bacarmalıdır. Bu bacarıqlar əldə edildikdən sonra insan həmin sahə üzrə lisenziya almalı və əmək bazarına daxil olmalıdır. Universitetlər isə bu bacarıqların formalaşdırılmasına cavabdeh olmalıdır. Məncə, bu çıxışın əsas ideyası da məhz budur”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər