Diş sağlamlığı və düzgün stomatoloji müdaxilələr
Dişlərimizin sağlamlığı ümumi səhhətimiz üçün çox vacibdir. Gündəlik həyatda demək olar ki, hamımız fərqli diş problemləri ilə üzləşirik. Bəzən ağrılara dözüb həkimə getməyi gecikdiririk, bəzən isə bilmədən dişimizə yanlış müalicələr etdiririk. Həmçinin vaxtından əvvəl edilən erkən müdaxilələr də dişlərin təbii quruluşunu poza bilir. Dişlərdə yaranan əyriliklər və qüsurlar həm görünüşə, həm də çeynəmə funksiyasına birbaşa ziyan vurur.
Mövzu ilə bağlı stomatoloq Zaur Zakiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddət dişsiz qalan sahədə çənə sümüyünün həcmi azalır və gələcək implant və ya protez müalicələrini çətinləşdirə bilər:
"Müasir stomatologiyada əsas məqsəd mümkün qədər təbii dişi qoruyub saxlamaqdır. Lakin bəzi hallarda dişin bərpası mümkün olmur və çəkilməsi zəruri hesab edilir. Bunlara diş tacının və kökünün çox böyük hissəsinin dağıldığı hallar, dərin kök sınıqları, ağır periodontal xəstəliklər nəticəsində dişin həddindən artıq hərəkətli olması, müalicəyə baxmayaraq aradan qaldırıla bilməyən infeksiyalar və ya çənədə ciddi problemlər yaradan ağıl dişləri daxildir. Hər bir halda qərar klinik və rentgenoloji müayinələr əsasında fərdi şəkildə verilir. Diş əyriliklərinin yaranmasında həm irsi, həm də sonradan qazanılmış amillər rol oynayır. Əsas səbəblər arasında çənə və diş ölçülərinin uyğunsuzluğu, süd dişlərinin vaxtından əvvəl itirilməsi, uzun müddət əmzik və ya barmaq əmmə vərdişləri, ağızdan nəfəsalma, travmalar və bəzi inkişaf qüsurları yer alır. Bundan əlavə, dişlərin düzgün çıxmaması və ya artıq dişlərin olması da sıxlıq və əyriliklərə səbəb ola bilər. Ortodontik müalicə üçün dəqiq yaş məhdudiyyəti yoxdur. Ən əlverişli dövr uşaqlıq və yeniyetməlik yaşları hesab olunsa da, sağlam diş və dişətrafı toxumalara malik olan şəxslərdə böyüklük dövründə də uğurlu nəticələr əldə etmək mümkündür. Müasir breket sistemləri və şəffaf kapalar sayəsində müxtəlif yaş qruplarında dişlərin düzülüşünü korreksiya etmək mümkündür. Müalicənin müddəti və üsulu pasiyentin yaşından çox, ağız boşluğunun vəziyyətindən asılıdır. Dişlərin vaxtından əvvəl çəkilməsi ağız boşluğunda bir sıra problemlərə səbəb ola bilər. Çəkilmiş dişin yerində boşluq yarandıqda qonşu dişlər həmin sahəyə doğru hərəkət etməyə başlayır, nəticədə diş sıralarında pozğunluqlar və diş əyrilikləri yarana bilər. Eyni zamanda qarşı çənədəki diş boş sahəyə doğru uzana bilər ki, bu da çeynəmə funksiyasını pozur. Uzun müddət dişsiz qalan sahədə çənə sümüyünün həcmi azalır və gələcək implant və ya protez müalicələrini çətinləşdirə bilər. Buna görə də çəkilmiş dişlərin vaxtında bərpası vacib hesab olunur".
Samirə Allahverdizadə