00:00:00
Yazar
Güllər Gülhüseynova
31.07.2026 21:16 32 3 dəq oxuma
Sosial

Doktorantura üzrə ixtisasların təsnifatına yeni ixtisaslar əlavə olunub

Doktorantura üzrə ixtisasların təsnifatına yeni ixtisaslar əlavə olunub

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına aşağıdakı yeni ixtisaslar daxil edilib:

 

Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə ölkədə bakalavriat və magistratura səviyyəsində olduğu kimi, doktorantura üzrə də ixtisas təsnifatının yenilənməsi prosesi həyata keçirilir:

 

“Bakalavriat və magistratura pillələrində yeni ixtisasların açılması daha çox diqqət çəkir. Məsələn, bu il Çin dili filologiyası ixtisasının Naxçıvan Dövlət Universiteti də daxil olmaqla bir sıra ali təhsil müəssisələrində yaradılması bunun nümunəsidir. Doktorantura səviyyəsində isə müasir dövrün tələblərinə cavab verən yeni ixtisasların- Ədalət mühakiməsi hüququ, Mədəniyyət hüququ, Hava hüququ və hava məkanının təhlükəsizliyi kimi istiqamətlərin təsnifata daxil edilməsi təqdirəlayiq addımdır. Bu yeniliklər həm elmi fəaliyyətin inkişafına, həm də peşəkar elmi-pedaqoji kadr hazırlığının gücləndirilməsinə xidmət edəcək. Bu ixtisasların doktorantura səviyyəsində tədrisi ölkədə yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətini artıracaq, həmin sahələr üzrə elmi araşdırmaların genişlənməsinə töhfə verəcək. Xüsusilə hüquq sahəsinə yüksək bal toplayaraq qəbul olan tələbələrin gələcəkdə elmi fəaliyyətə cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq. Bu isə hüquqi bazanın təkmilləşdirilməsinə, elmi tədqiqatların inkişafına və dövlət idarəçiliyi üçün peşəkar mütəxəssislərin yetişdirilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, son illərdə sürətlə inkişaf edən aviasiya sahəsində aparılan elmi tədqiqatların genişlənməsi və beynəlxalq standartlara uyğun yüksəkixtisaslı kadrların hazırlanması baxımından da bu yenilik mühüm əhəmiyyət daşıyır. Mədəniyyət hüququ istiqaməti də xüsusi önəm kəsb edir. Bakalavriat səviyyəsində abituriyentlərin bu sahəyə marağı nisbətən az ola bilər. Bununla belə, mədəni irsin qorunması, müəllif hüquqları və mədəniyyət sahəsində hüquqi tənzimləmələrin təkmilləşdirilməsi baxımından bu ixtisasın əhəmiyyəti böyükdür”.

 

Təhsil eksperti həmçinin bunu da qeyd edib ki, yeni ixtisasların tədrisi üçün kifayət qədər ixtisaslaşmış professor-müəllim heyətinin formalaşdırılması vacibdir:

 

“Bu baxımdan həm Azərbaycan Milli Elmlər Akademiyası, həm ali təhsil müəssisələri, həm də elmi-tədqiqat institutları üzərinə mühüm vəzifələr düşür. Xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsi də bu istiqamətdə mühüm rol oynaya bilər. Ümumilikdə, qəbul edilən bu qərar təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Çünki doktorantura səviyyəsində yeni ixtisas istiqamətlərinin açılması bakalavriat və magistratura ilə müqayisədə daha az müşahidə olunurdu. Yeni ixtisaslar isə müasir çağırışlara uyğun olmaqla elmi tədqiqatların inkişafına xidmət edir.Bu dəyişikliklər gənclərin elmə daha fəal cəlb olunmasına, elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə və yeni elmi istiqamətlər üzrə araşdırmaların aparılmasına şərait yaradacaq. Əsas məqsəd müasir dövrün tələblərinə cavab verən, innovativ yanaşmalar təqdim edən tədqiqatların aparılmasıdır. Elmi işlər əvvəlki tədqiqatların təkrarından ibarət olmamalı, əmək bazarının ehtiyaclarına cavab verən, yüksək potensiala malik yeni ixtisaslaşmalar formalaşdırmalıdır. Bununla yanaşı, müasir tələblərə uyğun akademik kadr hazırlığı da təmin edilməlidir. Son illər gənclərin bir qismi elm sahəsindən daha çox biznes və digər istiqamətlərə üstünlük verir. Yeni doktorantura ixtisaslarının yaradılması isə onların elmi fəaliyyətə marağını artıracaq, doktoranturaya qəbulun stimullaşdırılmasına və ölkənin beynəlxalq elmi rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verəcək”.

 

Güllər Gülhüseynova

#Təhsil #doktorantura #bakalavriat #ixtisas
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər