“DOST modeli Moldovanın sosial təminat sistemində strateji dəyişikliklər yaradır”-TEYMUR HACIYEV
Moldovada sosial sahədə “Bir pəncərə” sisteminin qurulması prosesinə 2023-cü ildə başlanılıb. Artıq 3 ildir ki, DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurum kimi Moldovada sosial sahədə, ümumiyyətlə, sosial təminat, sosial müdafiə, pensiya, sosial müavinətlər, məşğulluq, əmək münasibətləri istiqamətində “Bir pəncərə” prinsipi ilə işləyən bir şəbəkənin qurulması istiqamətində layihənin hazırlanmasına başlayıb.
Mövzu ilə bağlı DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Moldovada Azərbaycanın DOST təcrübəsi əsasında "bir pəncərə" modelinin tətbiqi istiqamətində aktiv praktiki layihələndirmə və infrastrukturun genişləndirilməsi mərhələsi icra olunmaqdadır:

“Qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həm normativ-hüquqi bazanın möhkəmləndirilməsi, həm də regional xidmət şəbəkəsinin qurulması işləri paralel şəkildə aparılır. Bu çərçivədə institusional tərəfdaşlığın əhatə dairəsini daha da genişləndirmək məqsədilə sosial müdafiə sahəsində əməkdaşlığa dair yeni “Anlaşma Memorandumu” artıq imzalanıb. Bununla da proses rəsmən idarəetmə metodlarının, çoxsəviyyəli xidmət mexanizmlərinin və rəqəmsal texnologiyaların sistemə tam inteqrasiyası mərhələsinə qədəm qoyub. Azərbaycanın “DOST modeli” Moldovanın sosial təminat sistemində, xüsusilə də bu ölkənin “Milli Sosial Sığorta Kassası” səviyyəsində bir neçə mühüm strateji istiqaməti əhatə edir. İlkin olaraq, DOST modelinə uyğun xidmət prosesinin, idarəetmə sisteminin, monitorinq və qiymətləndirmə sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb. Kassanın 10 şöbəsində artıq bu iş prinsipi tətbiq olunmaqdadır. Lakin konsepsiyanın tam uyğunlaşması, digər xidmətlər üzrə sistemlərin bir mərkəzdə cəmləşməsi üçün müasir standartlara və DOST konsepsiyasına uyğun infrastrukturun qurulması vacib şərtlərdən biridir. Bu səbəbdən DOST Modelinə uyğun elektron sistemlərin qurulması, eyni zamanda fiziki infrastrukturun yaradılması istiqamətində layihələndirmə işləri aparılır. Bununla yanaşı, daxili menecmentin səmərəliliyini artırmaq məqsədilə yerli bölmələrdə dövri performansın qiymətləndirilməsi mexanizmləri, həmçinin vətəndaş yönümlü xidmət mühitinin yaradılması üçün rəqəmsal monitorinq sistemləri tətbiq olunur. Modelin digər mühüm istiqaməti isə vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edən çoxsəviyyəli Çağrı Mərkəzi xidmətinin təşkili və idarə olunması qaydalarının tətbiqini nəzərdə tutur”.
Teymur Hacıyev qeyd edib ki, birgə fəaliyyət nəticəsində qısa müddət ərzində metodoloji və texniki dəstək sahəsində konkret praktiki göstəricilər əldə olunub:
“DOST konsepsiyasına uyğun ilk xidmət mərkəzi pilot layihə kimi paytaxt Kişinyovda təxminən iki ildir fəaliyyət göstərir. Digər şəhərlərdə də xidmət mərkəzlərinin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Bu şəhərlər sırasında Kahul, Ungheni və Belsi şəhərlərini misal göstərmək olar. Konsepsiyanın tam şəkildə tətbiqi üçün İKT və fiziki infrastrukturun da DOST Modelinə uyğun qurulması vacib şərtlərdən biridir. Bu istiqamətdə Moldova tərəfi işləri sürətlə davam etdirir. İnfrastruktur baxımından Kahul şəhərində yeni mərkəzin inşasına başlanılıb. Ungheni və Belsi şəhərlərində isə yerli şöbələrin əsaslı təmiri üçün texniki sənədləşmə tamamlanaraq işlərə start verilib. Metodoloji müstəvidə isə Milli Sosial Sığorta Kassasının artıq 10 yerli bölməsində “DOST İndeks” metodu uğurla tətbiq edilir. Bundan əlavə, 5-i Kişinyovda olmaqla ümumilikdə 10 regional şöbədə DOST Modelinə uyğun vətəndaş məmnunluğunun ölçülməsi mexanizmi qurulub. Bu prosesi dəstəkləyən proqram təminatı və müvafiq avadanlıqlarla təminat Moldova hökuməti tərəfindən tam başa çatdırılıb. Ən mühüm institusional nəticə olaraq, DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında yeni Anlaşma Memorandumu imzalanaraq əməkdaşlığın gücləndirilməsi və icrası rəsmiləşdirilib”.
Nuray Əliyeva