00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
09.10.2026 17:59 26 2 dəq oxuma
Sosial

Dövlət qulluğunda dəyişikliklər: Hazırlaşanları nələr gözləyir?

Dövlət qulluğunda dəyişikliklər: Hazırlaşanları nələr gözləyir?

 


Dövlət qulluğuna qəbul sahəsində nəzərdə tutulan dəyişikliklər namizədlərin diqqət mərkəzindədir. Yeniliklərin imtahan prosesinə və hazırlıq qaydalarına necə təsir edəcəyi maraq doğurur. Bəs yeni dəyişikliklər dövlət qulluğuna hazırlaşanları nələr gözləyir və namizədlər hansı yeniliklərə hazır olmalıdırlar?

Mövzu ilə bağlı 'İnformator.az"a açıqlamasında deputat Zahid Oruc bildirib ki, dövlət qulluğunda imtahan şərtlərini asanlaşdırmaq, kadrların işlə təminatını sürətləndirmək və onların sosial hüquqlarını qorumaq üçün daha çevik, şəffaf bir model qurmalıyıq:


"Dövlət Qulluğu Məcəlləsinin yaradılması müstəqil ölkəmizin idarəetmə sisteminin inkişafı üçün mühüm bir hadisədir. Unitar dövlət olaraq Azərbaycan icra hakimiyyəti orqanlarının və dövlət qulluğu sisteminin tələblərini müstəqil şəkildə müəyyənləşdirməlidir. Sertifikat müddətinin 5 ildən 2 ilə endirilməsi və sərt imtahan şərtləri minlərlə namizədin illərlə ehtiyatda qalıb kənara düşməsinə səbəb olur. Rəsmi statistikaya görə, ötən il 7000-dən çox müraciət olsa da, yekunda vakant yerlərin cəmi 48–49%-i dolub ki, bu da ehtiyatda olan kadrların işə qəbulunu asanlaşdıran çevik modelin qurulmasını tələb edir. Xüsusilə İT və data analitikası kimi sahələrdə peşəkarları dövlət qulluğunda saxlamaq üçün mövcud əməkhaqları kifayət etmir və kadrların özəl sektora axınına gətirib çıxarır. Rəhbər şəxslər dəyişdikdə dövlət qulluqçularının öz iş yerlərini qoruması, eləcə də təhsil sistemi ilə Dövlət İmtahan Mərkəzi arasında güclü əlaqənin olması idarəçiliyin dayanıqlığı üçün əsas şərtdir".

 

Təhsil eksperti Rizvan Fikrətoğlu isə  bildirir ki, dövlət qulluğuna qəbulda uğur qazanmaq üçün ənənəvi əzbərçilikdən uzaqlaşıb analitik düşüncə, sistemli hazırlıq və emosional özünənəzarəti birləşdirən praktiki yanaşma tətbiq edilməlidir:

 

"Namizədlər rəsmi proqramı diqqətlə öyrənməli, mövzuları sistemləşdirərək planlı hazırlaşmalı, müntəzəm sınaq imtahanları ilə vaxtın idarə olunmasını məşq etməlidirlər. Süni intellekt və rəqəmsal resurslardan yararlanmaq faydalı olsa da, qanunvericilik tez-tez dəyişdiyi üçün məlumatlar mütləq rəsmi mənbələrdən yoxlanılmalıdır.
Yenilənən imtahan standartlarının ali təhsil müəssisələrinin akademik bazası ilə uyğunluğuna birmənalı yanaşmaq doğru deyil. Universitetlər geniş akademik baza formalaşdırdığı halda, dövlət qulluğuna qəbul konkret vəzifə tələblərinə uyğun bilik və bacarıqları ölçür. Bəzi ali təhsil proqramlarında nəzəri biliklərə üstünlük verilməsi və praktiki tapşırıqların azlığı məzunların imtahan zamanı çətinliklə üzləşməsinə səbəb ola bilər. 
Müsahibə mərhələsi isə namizədin yalnız nəzəri biliklərini deyil, ünsiyyət bacarıqlarını, emosional sabitliyini və peşəkar davranışını qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə uğur qazanmaq üçün namizədlər etik davranış, korrupsiyaya qarşı mübarizə və inzibati prosedurlar üzrə biliklərini möhkəmləndirməli, fikirini aydın və konkret ifadə etməlidirlər. Stressi idarə etmək üçün evdə sınaq müsahibələri təşkil etmək, nəfəs məşqləri etmək, məkana vaxtında gəlmək və bilinməyən suallar qarşısında dürüst mövqe nümayiş etdirmək tövsiyə olunur".


Ayan Məmmədzadə

#xəbər #azərbaycan #baki #hazırlaşanları #dəyişikliklər:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər