Dərsliklər hazırlanarkən uşaqların yaş psixologiyası nəzərə alınmalıdır
“I, II sinif dərsliklərində müvafiq olaraq, həndəsi və fəza fiqurları mövzusu qeydə alınır. Düşünürəm ki, bu mövzuların dərsliklərdə yer alması müzakirə olunmamalıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib. Ekspertin sözlərinə görə, bu yeni sistemdir, kurikulum sistemidir.
“Biz hazırda ənənəvi sistemdə deyilik, 2008-ci ildən krikulum sisteminə keçid etdik. Yeni sistemə əsasən, aşağı sinif şagirdlərinə müəyyən bilik və bacarıqların öyrədilməsi təbliğ olunur. Bu sistemin tələbi ilə bəzi mövzular var ki, hansı ki, onlar 5-6 siniflərdə öyrədilirdisə, hazırda bu mövzulara dair 1-2 siniflərdə ilkin informasiyanın verilməsi nəzərdə tutulub. Burada şagirdlər kub, silindr, müvafiq fiqurlar, üçbucaq və s. bunları öyrənirlər, ilkin informasiyalar əldə edirlər”.
Elçin Əfəndi deyir ki, şagirdlər bu mövzuları yuxarı siniflərdə daha dərindən keçdikdə isə onlar üçün daha anlayışlı mənimsəmə imkanı yaranacaq.
“Ümumi baxdıqda isə dərsliklərdə bəzi nöqsanlar qeydə alınmaqdadır. Əsasən, hazırda dərsliklərin dilində çətinliklər var. Bəzi mövzular elə qaydada yazılır ki, uşaq onu başa düşmür”.
Ekspert düşünür ki, müvafiq qurumlar bu məsələ ilə yaxından maraqlanmalıdır.
“Dərsliklər hazırlanarkən uşaqların yaşı, yaş psixologiyası, təfəkkür tərzi nəzərə alınmalıdır. Amma təəssüf ki, bu normativlərə diqqət yetirilmir. Məsələn, Nazirlər Kabinetinin də dərsliklərin hazırlanması ilə müvafiq qərarı fəaliyyət göstərməkdədir. Bu qərar əsasında, bütün müddəalar öz əksini tapmalıdır”.
Elçin Əfəndinin sözlərinə görə, dərsliklərin üz qabığı, səhifələri də mütləq diqqətə alınmalıdır.
“Təəssüflər olsun ki, son dövrlər bəzi şəxslərin nəşr etdiyi vəsaitlərdə bu normalara əməl edilmir”.
Həcər Əmiraslanlı
