00:00:00
Yazar
Ayan Sadi
31.08.2026 23:14 94 2 dəq oxuma
Gündəm

Dumanlı havada sürücülər necə davranmalıdır?

Nəqliyyat eksperti vacib məqamları açıqladı

Dumanlı havada sürücülər necə davranmalıdır? Nəqliyyat eksperti vacib məqamları açıqladı

Dumanlı hava şəraiti sürücülər üçün görmə məsafəsinin azalması və yol şəraitinin düzgün qiymətləndirilməsinin çətinləşməsinə görə əlavə risklər yaradır. Belə hava şəraitində sürücülərin daha diqqətli olması, avtomobilin işıq cihazlarından düzgün istifadə etməsi və təhlükəsiz ara məsafəsi saxlaması mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, dumanlı havada sürücülər adi hava şəraitindən fərqli olaraq daha ehtiyatlı davranmalıdırlar. Onun sözlərinə görə, bu zaman həm sürücünün təcrübəsi, həm də avtomobildə mövcud olan sürücüyə dəstək və təhlükəsizlik funksiyalarından düzgün istifadə vacibdir.

 

“İşıq cihazlarından düzgün istifadə etmək əsas şərtlərdən biridir. Dumanlı havada uzaq faralardan istifadə etmək əvəzinə yaxın faralardan istifadə etmək, avtomobildə duman əleyhinə faralar varsa, onları da düzgün şəkildə işə salmaq lazımdır”.

 

Ekspertin sözlərinə görə, belə hava şəraitində ara məsafəsinin düzgün seçilməsi də xüsusi əhəmiyyət daşıyır. Görünüş məsafəsinin azalması sürücünün qarşıdakı avtomobilə reaksiyası üçün daha az vaxtının qalmasına səbəb olduğundan, təhlükəsiz məsafənin qorunması vacibdir.

 

Eldəniz Cəfərov qeyd edib ki, sürücülər yolun relyefini və infrastrukturunu da nəzərə almalıdırlar. Xüsusilə dumanlı və yağmurlu hava şəraitində ani diqqətsizlik  ağır nəticələrə səbəb ola bilər.

 

“Görünüş məsafəsi ciddi şəkildə azaldıqda sürücü vəziyyəti düzgün qiymətləndirməlidir. Əgər yol infrastrukturu imkan verirsə və avtomobili yolun kənarında təhlükəsiz şəkildə saxlamaq mümkündürsə, digər hərəkət iştirakçılarına mane olmamaq şərtilə hərəkəti dayandırmaq da daha doğru qərar ola bilər”.

 

Nəqliyyat eksperti hesab edir ki, dumanlı havada əsas məqsəd sürətin yol şəraitinə uyğun seçilməsi, görünüş imkanlarının nəzərə alınması, işıq cihazlarından düzgün istifadə edilməsi və digər hərəkət iştirakçıları ilə təhlükəsiz məsafənin qorunmasıdır.

 

Süsən Mərdalıqızı

#gündəm #baki #yeni #xəbər #eksperti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər