Dünya Bankının regional forumu: Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır
Gürcüstanda Orta Dəhlizin tam iqtisadi potensialının reallaşdırılması imkanlarının müzakirəsi məqsədilə Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” adlı regional forumu keçirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib ki, Orta Dəhlizi biznes subyektləri və yük sahibləri üçün cəlbedici edən əsas məqamlardan biri onun Çinlə Avropa arasında alternativ və daha şaxələndirilmiş ticarət marşrutu yaratmasıdır:
"Sahibkar üçün əsas məsələ yalnız yükün bir nöqtədən digərinə çatdırılması deyil, bu prosesin nə qədər müddətə və hansı xərclərlə həyata keçirilməsidir. Orta Dəhlizin inkişafı nəqliyyat marşrutlarının şaxələndirilməsi, bazarlara çıxışın genişlənməsi və təchizat zəncirinin mümkün geosiyasi və digər risklərə qarşı dayanıqlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünya Bankı da dəhlizin daha etibarlı və səmərəli fəaliyyətinin region ölkələri üçün ticarət və iqtisadi imkanları genişləndirəcəyini qeyd edir”.
Arzuxan Əlizadə qeyd edib ki, hazırda əsas məsələlərdən biri dəmir yollarının, limanların və digər infrastrukturun inkişafı ilə yanaşı, dəhliz boyunca proseslərin vahid və koordinasiyalı şəkildə idarə olunmasıdır:
"Dünya Bankının araşdırmalarında sərhəd-keçid prosedurlarının mürəkkəbliyi, gömrük və məlumat mübadiləsinin kifayət qədər rəqəmsallaşmaması, müxtəlif nəqliyyat seqmentləri arasında koordinasiya problemləri və bəzi məntəqələrdə infrastruktur imkanlarının məhdudluğu gecikmələrə səbəb olan əsas amillərdəndir. Yeni yol və dəmir yolu xətlərinin tikilməsi vacibdir. Amma yükün sərhəddə günlərlə gözləməsi və ya müxtəlif mərhələlərdə məlumatların əl ilə ötürülməsi davam edərsə, dəhlizin tam potensialından istifadə etmək mümkün olmayacaq”.
Siyasətçi əlavə edib ki, region ölkələri uzunmüddətli perspektivdə Orta Dəhliz ətrafında daha sıx əməkdaşlıq edə və vahid nəqliyyat-logistika mexanizmləri formalaşdıra bilsələr, qarşıdakı illərdə Cənubi Qafqazın iqtisadi və geosiyasi əhəmiyyəti arta bilər:
“Region yalnız tranzit ərazi deyil, eyni zamanda istehsal, logistika, xidmət və investisiya zəncirinin bir hissəsinə çevrilə bilər. Lakin bu potensial avtomatik reallaşmır. Bunun üçün siyasi sabitlik, qarşılıqlı etimad, infrastrukturun inkişafı, sərhəd prosedurlarının sadələşdirilməsi və rəqəmsal inteqrasiya təmin edilməlidir. Müvafiq islahatların həyata keçirilməsi ilə Orta Dəhliz üzrə yük həcmlərinin 2040-cı ilədək dörd dəfəyə qədər artması, səyahət müddətlərinin isə üçdə ikiyə qədər azalması mümkündür. Bu göstəricilər Orta Dəhlizin yalnız nəqliyyat marşrutu kimi deyil, regionun iqtisadi inkişafına təsir edən uzunmüddətli layihə kimi əhəmiyyətini göstərir".
Aysu Qədirzadə