00:00:00
Yazar
Aysel Mirzəyeva
28.04.2026 19:47 25 2 dəq oxuma
İdman

“Dünya çempionatında əsas hədəfimiz daha böyük uğurlardır” - ŞƏRH

“Dünya çempionatında əsas hədəfimiz daha böyük uğurlardır” - ŞƏRH

Xetaq Qazyumov bildirib ki, Azərbaycanın sərbəst güləş millisi Avropa çempionatındakı uğurlu çıxışdan sonra diqqətini dünya çempionatına yönəldib və komanda qarşısına daha böyük məqsədlər qoyub.

 

Mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, əldə olunan nəticələr planlı və sistemli işin nəticəsidir:

 

“Bu uğurun əsas səbəbi oturuşmuş və planlı sistemdir. Ardıcıl 2-ci ildir ki, Azərbaycan həm yunan-Roma, həm də sərbəst güləşdə komanda hesabında Avropa çempionu olur. Ötən il də 13 medal qazanmışdıq. Bu il isə medalların əyarına görə daha yaxşı nəticə göstərdik və Tiranada 5 dəfə himnimiz səsləndi. Bu artıq son illərdə formalaşan sabit inkişafın və düzgün qurulmuş hazırlıq prosesinin nəticəsidir. Avropa çempionatına hazırlıq intensiv və ağır təlim-məşq toplanışları ilə baş tutub. Bu səbəbdən hazırda güləşçilərin bərpası və fiziki vəziyyətlərinin normallaşdırılması vacib hesab olunur. Qısa istirahət mərhələsindən sonra yenidən məşqlərə start veriləcək və dünya çempionatına qədər bir neçə mərhələdən ibarət hazırlıq proqramı həyata keçiriləcək. Bu prosesdə həm yerli, həm də beynəlxalq təcrübədən istifadə olunacaq. Yunan-Roma millisi əsasən ölkə daxilində - Bakı və bölgələrdə hazırlıq keçəcək. Sərbəst və qadın güləşi üzrə komandaların isə xaricdə təlim-məşq toplanışlarında iştirakı gözlənilir. Bu da güləşçilərin fərqli üslublarla qarşılaşmasına və rəqabət mühitinə daha yaxşı uyğunlaşmasına şərait yaradır. Dünya çempionatında güclü rəqiblər kifayət qədərdir. Rusiya, ABŞ, İran, Yaponiya, Gürcüstan, Türkiyə və digər komandalar ciddi rəqabət yaradacaq. Lakin Azərbaycan millisinin də bu rəqabətdə sözünü demək üçün kifayət qədər potensialı var. Əsas məqsəd yalnız dünya çempionatında uğur qazanmaq deyil, eyni zamanda qarşıdakı beynəlxalq yarışlara, xüsusilə də, Olimpiya Oyunlarına maksimum hazır vəziyyətdə çıxmaqdır. Bu baxımdan bütün fəaliyyət planı uzunmüddətli nəticələrə hesablanıb və komandamız qarşısına böyük hədəflər qoyub”.


Ayşə Müzəfərli

#çempionatında #baki #uğurlardır” #şərh #böyük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər