Dünya Kubokunda yarışacaq Azərbaycanın 3x3 basketbol yığmasının heyəti açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Kuboku üçün heyəti müəyyənləşib. Yığma Polşanın paytaxtı Varşavada keçiriləcək turnirdə Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer və Dina Ulyanovadan ibarət heyətlə çıxış edəcək.
"İlk dəfədir ki, belə mötəbər bir turnirdə iştirak edəcəyik. Qrupdan çıxma şanslarımız var. Komandanın məşqçisi Ratomir Deliç media mənsublarına öz işini təqdim edib".
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, məşqçimiz heç bir təzyiqdən çəkinmir:
"Milli komandamız mən düşünürəm ki, yaxşı mübarizə aparacaq və heyətimiz tam olaraq bu yarışa hazırdır. Zədəli basketbolçumuz yoxdur və heyət üzvləri hər biri yaxşı hazırlaşırlar. Turnirə hazırlıq prosesi mayın otuzuna qədər davam edəcək. Millimizin üzvləri hazırda Serbiyanın Novisad şəhərində təlim-məşq toplanışındadırlar. Əsas hədəf ilk olaraq, qrupdan çıxmaq, sonra isə ən azı yarımfinala qədər mübarizə aparmaqdır".
Müsahibimizin sözlərinə görə, biz komandamızı yarımfinalda görməliyik. Orda da növbəti addımı ata bilsək, niyə də final olmasın:
"Amma basketbol elə bir idman növüdür ki, burada hər an sürpriz ola bilər, yəni, bu oyun bütün sürprizlərə açıqdır. Düşünürəm ki, komandamız əlindən gələni edəcək. Qadın basketbolunun inkişafı məktəbli qızlara, yeniyetmələrə təsiri olacaq. Oyunlar FİBA-nın rəsmi Youtube hesabında yayımlanır. Uşaqlar oradan oyunları izləyirlər, onlarda bir həvəs yaranır və basketbola can atırlar. Artıq Azərbaycanda uşaq liqaları da fəaliyyət göstərir. Bu liqalar həm qızlar, həm də oğlanlar arasında təşkil olunur. Bir sözlə, mən düşünürəm ki, 3×3 FİBA Basketbol üzrə Dünya Kuboku bu idman növünün populyarlaşmasında mühüm rol oynayacaq".
Zəhra Möhübbətova