00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 20:17 24 2 dəq oxuma
Sosial

“ƏDV-ni almaq üçün yenidən xəstəxanaya get”: Özəl klinikalarda pasientlərin hüquqları pozulur?

“ƏDV-ni almaq üçün yenidən xəstəxanaya get”: Özəl klinikalarda pasientlərin hüquqları pozulur?

Bəzi özəl xəstəxanalarda pasientlərə ödəniş zamanı üzərində fiskal İD və ya QR kod olmayan daxili qəbzlərin verilməsi narazılıq yaradıb. Nəticədə vətəndaşlar ƏDV geri-al sistemindən yararlana bilmir və onlara sonradan yenidən maliyyə şöbəsinə yaxınlaşmaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, xidmət göstərilən anda fiskal çekin təqdim olunmaması istehlakçı hüquqlarının pozulması və vergi qaydalarına əməl edilməməsi kimi qiymətləndirilə bilər.

Saytımıza danışan şikayətçi İlhamə Mikayılova bildirir ki, bəzi özəl tibb müəssisələrində ödəniş zamanı qəbzlərin dərhal təqdim olunmaması müəyyən narahatlıqlar yaradır:

“Ödəniş edəndə bəzən qəbz yerində verilmir, sonradan müraciət etməli oluruq. Bu da əlavə vaxt itkisi yaradır. ƏDV geri-al sistemindən istifadə baxımından da çətinliklər ortaya çıxır. Məncə, ödəniş anında qəbzin dərhal təqdim olunması daha düzgün və rahat olar. Xüsusilə, xəstə və yaşlı insanlar üçün əlavə gediş-gəliş etmək çətinlik yaradır. Ona görə də prosesin daha şəffaf və operativ olması yaxşı olar”.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, xidmət haqqı ödənişi həyata keçirilən zaman dərhal qəbz təqdim olunması qanunvericiliyin tələbidir:

 

“Yəni, ödənişin edildiyi anda qəbz verilməlidir, çek təqdim olunmalıdır. Bu, həmin strukturların hüquqi öhdəliyi və vəzifəsidir. Burada ‘sonradan edək’ kimi bir yanaşma ola bilməz. Əgər vətəndaş belə hallarla rastlaşırsa, Vergi Xidmətinə müraciət etməli, şikayət bildirməlidir ki, ödəniş edib, amma qəbz dərhal təqdim olunmayıb. Bu halda vergi qanunvericiliyində məsuliyyət nəzərdə tutulub”.

 

İqtisadçının sözlərinə görə, bu kimi halları ciddi problem kimi qabartmağa ehtiyac yoxdur, çünki qanun pozuntusu aşkar olduqda inzibati mexanizmlər işə düşür:

 

“Bu, yol hərəkəti qaydalarına bənzər bir məsələdir. Qayda pozulursa, müvafiq dövlət orqanı sanksiya tətbiq edir. Burada da eyni mexanizm var. Ciddi maliyyə sanksiyaları mövcuddur və vətəndaş şikayət etdiyi halda dövlət orqanı araşdırma aparır və uyğun cəza tətbiq edilir. Birinci halda 2000 manat, ikinci dəfə 4000 manat, üçüncü və daha çox hallarda isə 6000 manat cərimə nəzərdə tutulur. Əgər müəssisə fəaliyyətini davam etdirərək qaydalara əməl etməzsə, hətta vergi yoxlaması da açıla bilər”.

Fatimə Hüseynli

#klinikalarda #xəbər #xəstəxanaya #pasientlərin #get”:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər