00:00:00
Yazar
Lalə Qafarova
14.04.2026 15:01 124 2 dəq oxuma
Media

 

Efir diplomatiyası: Beynəlxalq jurnalistikada “şahmat” qaydaları

 Efir diplomatiyası: Beynəlxalq jurnalistikada “şahmat” qaydaları

 

 

AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəisi Elnar Məmmədli Teleradio Akademiyasının müdavimləri ilə görüşdü.

 

"İnformator.az" xəbər verir ki, görüş “Beynəlxalq təşkilatların tədbirlərinin işıqlandırılması prosesində peşəkar jurnalist yanaşması” mövzusuna həsr olundu. Təcrübəli telejurnalist gənc həmkarları ilə həm şəxsi təcrübəsini, həm də müasir medianın beynəlxalq arenadakı roluna dair reallıqları bölüşdü. 

 

E.Məmmədli vurğuladı ki, uğurlu nəticənin təməlində hər bir sahəyə peşəkar yanaşma dayanır. O, canlı efirin məsuliyyətindən danışarkən maraqlı bir məqama toxundu:

 

"Canlı yayımda ekspert elə bir fakt səsləndirə bilər ki, bu, sonradan ciddi siyasi problemlərə yol açar. Bu sahədə mənim müəllimlərimdən birinin çox dəyərli bir sözü var idi: senzura həmişə daxilinizdə olmalıdır". 

 

Müdavimlərə praktiki məsləhətlər verən qonaq, beynəlxalq tədbirlərə (məsələn, ATƏT-in toplantısına) gedən jurnalistin həmin qurumun strukturu, prinsipləri və tarixi haqqında mütləq bazaya malik olmasının vacibliyini diqqətə çatdırdı. Onun fikrincə, mövzunun aktuallığını bilmədən və araşdırma aparmadan peşəkar reportaj hazırlamaq qeyri-mümkündür.

 

O, beynəlxalq ezamiyyətləri zamanı qarşılaşdığı çətin vəziyyətlərdən də söz açdı və bildirdi ki: 

"Əsl peşəkar ən gərgin məqamda belə emosiyalarını cilovlamalı və işini soyuqqanlılıqla davam etdirməlidir". 

 

Müsahiblə işləmək sənətindən danışan departament rəisi qeyd etdi ki, jurnalist qarşısındakı şəxsin statusundan çəkinməməlidir:

 

"Jurnalist həm də psixoloq olmalıdır. Müsahibi ələ almağı, onun əvvəlki çıxışlarına bələd olmağı bacarmalıdır. Əgər çəkinsəniz, müsahibəniz sıradan olacaq. Sözlə elə oynamalısınız ki, bəzən sualın cavabını qarşı tərəf özü etiraf etsin. Hətta qarşınızdakı rəqib olsa belə, onu öz məntiqinizlə sarsıtmağı bacarmalısınız". 

 

İnteraktiv formatda keçən görüşün sonunda xatirə fotosu çəkdirildi.

 

Həcər Əmiraslanlı

#media #aztv #teleradioakademiyası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər