Efir mədəniyyətinin kodu: Lalə Məmmədova ilə
Teleradio Akademiyasında AzTV-nin tanınmış xəbər aparıcısı Lalə Məmmədovanın iştirakı ilə təlim təşkil olundu.
Görüşdə aparıcılıq peşəsinin incəlikləri, efir mədəniyyəti və jurnalist məsuliyyəti kimi mövzular ətrafında müzakirələr aparıldı.
Televiziya sahəsindəki zəngin təcrübəsini bölüşən L.Məmmədova, ən çətin dönəmlərdə belə seçimindən peşman olmadığını vurğuladı. O, uğura aparan yolda səbir və əzmin əsas amillər olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Təlimçi qeyd etdi ki, peşəkar aparıcı olmaq istəyənlər müxtəlif çətinliklərlə qarşılaşa bilərlər; bu maneələri dəf etməyin yeganə yolu isə davamlı və məqsədyönlü fəaliyyətdir. Görüşdə bir aparıcı üçün vacib olan meyarlar xüsusi vurğulandı: efirə uyğun xarici görünüş; səs tembrinin düzgün tənzimlənməsi; gündəmi daimi izləmə bacarığı; gözlənilməz situasiyalara hazırlıq.
Canlı yayım zamanı yaranan fors-major hallara toxunan Lalə Məmmədova, operativ qərarvermə və texniki yönləndirmələrə çevik reaksiyanın peşəkarın əsas bacarığı olduğunu bildirdi. Eyni zamanda, nitqin texniki tərəfləri - artikulyasiya, mimika və fərdi üslubun formalaşdırılması ön plana çəkildi.
Qeyd olundu ki, aparıcı təqdim etdiyi xəbərin xarakterinə uyğun emosional fon yaratmalı, mətni düzgün vurğu və intonasiya ilə tamaşaçıya çatdırmağı bacarmalıdır.
İnteraktiv formatda keçən təlim sual-cavab və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşdı.
Elmira Ağayeva