EIA Azərbaycanda 2026-cı il üçün neft hasilatı proqnozunu artırıb
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-cı ildə Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu 540 min bareldən 550 min barelə yüksəldib. Hesabata görə, ikinci rübdə hasilat sutkada 550 min barel olacaq, üçüncü və dördüncü rüblərdə isə 540 min barel səviyyəsində gözlənilir. 2025-ci ildə isə neft hasilatı əsasən 560-570 min barel aralığında olub.
Mövzu ilə bağlı Milli məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, neftin dünya bazar qiymətinin yüksək olduğunu nəzərə alsaq, neft hasilatının artması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq:
“Yəni, bir tərəfdən biz neft bazarında yüksək qiymətləri müşahidə edirik, digər tərəfdən bu, bütövlükdə neft hasilatının artması fonunda Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yaradır. Təbii ki, bu, birmənalı şəkildə valyuta gəlirlərimizin, həm də Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan verəcək. Artıq biz valyuta gəlirlərimizin artması fonunda Dövlət Neft Fondunun gəlirlərini və eləcə də, eyni zamanda valyuta ehtiyatlarımızın artmasını müşahidə edirik. Bu da sözsüz, birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün müsbət dəyişiklikdir. Eyni zamanda, dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmində də artımlar müşahidə olunur. Artıq biz 2026-cı ilin geridə qalan aylarının əsaslarını diqqət yetirsək, büdcə daxilolmalarında profisit var. Bu da birbaşa həm qeyri-neft sektorundan, həm də neft sektorundan daxilolmaların artması ilə bağlıdır. Ona görə də büdcə gəlirlərinin artması və xərclərin vaxtında reallaşması baxımından vacib məqamdır. Büdcə gəlirləri artdıqca, təbii ki, çox fərqli istiqamətlərə, o cümlədən sosial sferaya daha çox vəsaitin ayrılması mümkün olur. Bu da sözsüz, sosial daxil olmaqla bir sıra fiskal öhdəliklərin yerinə yetirilməsi üçün geniş maliyyə bazası formalaşdırır”.
Mələk Hüseynova