EKO ÇANTA YA POLİETİLEN TORBA?
Məişətdə istifadə edilən polietilen torbaların zərərləri hamıya məlumdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu torbaların nə qədər təhlükəli olduğunu anlayasan. Belə ki, polietinin torpaqda çürüməsi üçün 500 ildən çox vaxt lazımdır.
Mağazalarda gördüyümüz məhsulların böyük əksəriyyətinin qablaşdırılması politelin sellofanlarla həyata keçirilir. Araşdırmalar göstərir ki, politelin məhsullar illər ərzində həll olmur və torpağa qarışmır. Eləcə də suda xarab olmayan belə qablar, torbalar milyonlarla su canlılarının da məhvinə səbəb olur. Ən böyük zərəri təbiətə vurduğu zərərdir. Ən əsas da dəniz canlılarına vurduğu zərər.
Ekoloq Qorxmaz İbrahimli deyir ki, polietilen torbalardan qida, dərman saxlamaq üçün istifadə edənlər də var, məişət tullantıları yığan da. “Bu torbalar çevrəyə zərər verir, dənizə zərər verir. Dəniz bizim qida mənbəyimizdir, sağlıq mənbəyimizdir. Onu kimyəvi atqılardan əlavə belə polietilen tullantılarla, torbalarla çirkləndiririk. Bunların hamısı da bizim nə yazıq ki, öz sağlığımıza təsir edir. Xərçəng xəstəliyinin yayılması, bir çox xəstəliklərin yayılmasının səbəbi belə şeylərdir. Torbaları zibilə atırıq, küçəyə atırıq. Gedirik dənizkənarına, dənizə atırıq. Və yaxud da yemək qoyuruq içinə istifadə edirik, atıb küçəyə gedirik. Onu deyək ki, heyvanlar, quşlar, dənizdə canlılar, balıqlar , qağayılar götürür istifadə edir, mədəsinə düşür, həzm edə bilmir, zəhərlənir ölür”.
Bir çox inkişaf etmiş ölkələrdə isə bio tərkibli torbalardan istifadə olunur. Belə məhsullar politelindən fərqli olaraq 24 ay ərzində torpağa qarışaraq həll olur. Sosioloq Şalan Novruzun sözlərinə görə, burada ən əsas məsələ eko çantalardan istifadədir ki, cəmiyyətdə bu fikir hələ formalaşmayıb. Eko çantalardan istifadə edərək həm sağlamlığımızı, həm də ekonomik, iqtisadi cəhətdən büdcəmizi qoruya bilərik. Eko çantaları bir dəfə alaraq artıq bir ömürlük, yəni yararsız hala düşənə qədər istifadə etmək mümkündür”.
Qeyd edək ki, Azərbaycanda poletilen torbalardan istifadəni azaltmaq üçün müəyyən addımlar atılıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən,marketlərdə məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
AYSU
