Ekspertdən "Sabah" - "Neftçi" matçının analizi: "Dambrauskas yerli futbolçulara şans verdi, amma..."
"Bu gün çox yaxşı formada olan "Neftçi"yə uduzduq".
Bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"yə qarşı Misli Premyer Liqasının XXXII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, "Sabah" - “Neftçi”nin qarşılaşması haqqında onu demək olar ki, burada hər iki komandanın məqsədi fərqli idi:
" "Sabah" daha çox mövsümü müsbət notlarla başa vurmaq, azarkeşləri sevindirmək və son oyunlarda qələbə qazanmaq istəyirdi. Amma bunu reallaşdırmaq alınmadı. Görünürdü ki, oyunu daha çox istəyən tərəf “Neftçi” idi. Çünki bu üç xal komanda üçün çox vacib idi və qələbə qazanacağı halda avrokuboklara vəsiqə şansını artırırdı.
“Neftçi” meydanda daha istəkli, daha iddialı və daha həvəsli görünürdü. Ən vacibi isə yaratdığı imkanlardan daha səmərəli istifadə etdi. Baş məşqçi Valdas Dambrauskas bu matçda start heyətində 7 yerli futbolçuya şans verdi. Adətən maksimum 1-2 azərbaycanlı futbolçuya əsas heyətdə yer verən məşqçi, bu dəfə daha çox yerli və az oynayan futbolçulara fürsət yaratmağa çalışdı. Bu qərarın əsas məqsədi də həmin oyunçuların təcrübə qazanması və özlərini göstərməsi idi.
Amma bu dəyişikliklər komandanın oyun keyfiyyətinə müəyyən qədər təsir etdi. “Neftçi” isə bundan yaxşı istifadə etməyi bacardı. Buna baxmayaraq, “Sabah” geri çəkilən və yalnız müdafiədə oynayan komanda təsiri bağışlamadı.
Hər iki komandaya təşəkkür düşür. Çünki onlar ehtiyatlı və qapalı futbol oynamaq əvəzinə, açıq və hücumameyilli oyuna üstünlük verdilər. Həm “Sabah”, həm də “Neftçi” qol vurmağa çalışdı, hücumda oynadı və azarkeşlər üçün maraqlı qarşılaşma ortaya çıxdı".
Reyhan Qulizadə