ELEKTRİK MÜHƏRRİKLİ AVTOBUSLARIN SƏRNİŞİN TUTUMU 82 NƏFƏRDİR
Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin məşhur şirkətindən alınan elektrik mühərrikli ictimai nəqliyyat vasitəsinin uzunluğu 12 metrdir. 33 oturacağı olan avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVt/saat olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir.
Yeni nəqliyyat vasitəsi 20-ci sahə - Nəriman Nərimanov metro stansiyası istiqamətlərində 5 nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edir. Avtobus sürücüsü Şahin Abbbasovun sözlərinə görə, ekoloji baxımdan təmiz olan nəqliyyat vasitəsi həm sürücü, həm də sərnişinlər üçün çox rahatdır. “İdarəetmədə sürücüyə lazım olan hər şey əlinin altındadır. Əyilib sağa-sola baxmağa ehtiyac yoxdur”.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyir ki, ekoloji cəhətdən zərərsiz olan bu avtobus hələlik sınaq müddətindədir. “Avtobus müasir sərnişin daşıma tələblərinə tam cavab verir . Elektrik mühərikli avtobusun Bakının mövcud relyefinə uyğunluğu yoxlanılacaq və nəticələrə əsasən paytaxtın ictimai nəqliyatında istifadə imkanları qiymətləndiriləcək. Sınaqlar müsbət nəticə verərsə, elektrikli avtobusların sayı artırılacaq”.
TAMİLLA
