ELEKTRİKLƏ İŞLƏYƏN GƏMİLƏR GƏLİR
Elektriklə işləyən avtomobillərin sayının gündən-günə artdığı bir zamanda, mühəndislər artıq elektrikli gəmilər üzərində də işləməyə başlayıb. Bu zamana qədər müxtəlif tipli kiçik elektrikli gəmilər ixtira edilsələr, onlar böyük layihələrin reallaşdırılmasında yararlı deyildir. Son olaraq Avstraliyaya məxsus gəmiçilik şirkəti dünyanın elektriklə işləyən ən böyük gəmisini hazırladığını açıqlayıb.
Cənubi Amerika dənizçilik şirkəti "Buquebus" üçün hazırlanan elektrikli gəmi 130 metr uzunluqdadır. 2025-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılan gəmi, Argentina və Uruqvay arasında yüklərin daşınmasına cəlb olunacaq. "İncat Hull 096" adı verilən nəqliyyat vasitəsi, 2 min 100 sərnişin və 225 texnikanı daşıya biləcək genişliyə sahibdir. Gəmidə 2 min kvadratmetrdən böyük ticarət mərkəzinin olması da nəzərdə tutulub.
Avstraliyada hazırlanan elektrikli gəminin elektrik mühərriklərini Finlandiyanın "Wartsila" texnologiya qrupu, saatda 40 meqavat gücə sahib batareyalar isə Norveçin "Corvus Energy" şirkəti təmin edəcək. Gəminin hazırlanması prosesində iştirak edən mühəndislərin sözlərinə görə, "İncat Hull 096"nın ağırlığı yanacaqla işləyən gəmilərdən qat-qat az olacaq. Bunun əsas səbəbi gəminin bateriyalarının, yanacaq çənləri yerləşdirilən digər su nəqliyyatı vasitələrindən əhəmiyyətli dərəcədə yüngül olmasıdır.
Qeyd edək ki, elektrik gəmilərə olan təlabat indiki dönəmdə daha vacib bir hal alıb. Çünki hazırda təkcə bir gəminin havaya atdığı zəhərli qazlar, minlərlə avtomobilin atmosferə buraxdığından daha çoxdur. Gəmilərdə də elektrikli motorlardan istifadə edilməsi atmosferə karbon qazının buraxılmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq.
CAVİD
