"Elektrikli nəqliyyatda əsas hədəf daha uzun məsafə və batareyaların utilizasiyasıdır" - Raqif Raufoğlu
Dünyanın ən böyük tam elektrikli təyyarəsi ilk uçuşunu həyata keçirib. Hadisə aviasiya sənayesində elektrik mühərriklərindən istifadənin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir. Tam elektriklə çalışan təyyarələrin ənənəvi aviasiyadan əsas üstünlükləri arasında yanacaq sərfiyyatının və emissiyaların azaldılması göstərilir. Bununla yanaşı, batareyaların tutumu, uçuş məsafəsi, təyyarənin çəkisi və enerji doldurma infrastrukturu elektrikli aviasiyanın geniş yayılmasının qarşısında duran əsas məsələlər olaraq qalır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, elektrikli nəqliyyat vasitələrinin inkişafında əsas məqsədlərdən biri yanacaq asılılığını azaltmaqdır. Hazırda elektrikli nəqliyyat vasitələri hələ çox böyük məsafələrə və geniş sərnişin tutumuna görə üstünlük təşkil etmir. Lakin bu sahədə mühüm mərhələnin başlandığını demək mümkündür:
“Əsas məsələ bu gün yanacaq asılılığını azaltmaqdır. Burada böyük məsafələrdən və sərnişin tutumundan söhbət getmir. Amma hər bir halda inqilabi hadisədir və əsas hədəf burada daha az tutumlu və qısa məsafələri gedən nəqliyyat vasitələridir. Elektrikli nəqliyyatın inkişafında əsas istiqamətlərdən biri daha uzun məsafə qət edə bilən və daha səmərəli batareyaların hazırlanmasıdır. Hazırda litium-dəmir, litium-fosfat və litium-ion kimi müxtəlif batareya texnologiyalarından istifadə olunur”.
Ekspertin sözlərinə görə, əsas məsələlərdən biri isə istifadə müddəti başa çatmış batareyaların utilizasiyasıdır:
“Utilizasiya olunan batareyalar, vacibi budur. Çünki batareya bu gün ən qorxulu tullantıdır. Sonu hara gedəcək, bunu hara tullayacaqlar? Çünki bu həm elektromobildir, həm biz buna yaşıl enerji deyirik. Amma nəticədə o batareyalar hara gəlir, onların utilizasiyası hələ problemdir. Batareyaların daha uzunömürlü olması, qısa müddətdə doldurulması və istifadə müddəti başa çatdıqdan sonra yenidən emal edilməsi elektrikli nəqliyyatın inkişafında mühüm mərhələ olacaq. Bu mərhələdən sonra elektrikli nəqliyyat vasitələrinin benzin və dizellə işləyən avtomobillərlə daha rahat rəqabət aparması mümkün olacaq. Artıq biz rahat şəkildə benzinlə, dizellə imtina deyə bilərik”, - R.Raufoğlu fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli