Elektron kitabların ənənəvi kitablardan fərqi
Texnologiyanın sürətli inkişafı insanların kitab oxuma vərdişlərinə də təsir göstərmişdir. Ənənəvi çap kitabları ilə yanaşı, elektron kitablar da geniş yayılmağa başlamışdır. Elektron kitablar telefon, planşet və kompüter vasitəsilə oxunaraq insanlara rahatlıq və sürətli əlçatanlıq təqdim edir. Bununla yanaşı, ənənəvi kitablar öz qoxusu, kağız hissi və oxucu ilə yaratdığı xüsusi bağ ilə fərqlənir. Hər iki kitab növünün üstün və zəif tərəfləri mövcuddur. Müasir dövrdə insanlar ehtiyaclarına və maraqlarına uyğun olaraq həm elektron, həm də ənənəvi kitablardan istifadə edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu bildirib ki, bu qaçılmazdır:
“Biz də ona uyğunlaşmalıyıq. Amma ənənəvi kitabı da unutmaq olmaz. Elektron kitab heç zaman o ənənəvi kitabı unutmayacaq, əksinə ona söykənəcək, ondan güc alacaq. Ənənəvi kitab kağız kitabıdır, çapa olunan kitabdır. Baxmayaraq ki, elektron kitab var, dünyada kağız kitabının sayı azalmır. Bu mütləq şəkildə nəzərə alınmalıdır. Elektron kitabların üstünlükləridir. Nə qədər ki, işıq var, enerji var, elektron kitablar oradadır. İşıq yoxdursa, heç nə yoxdur. Amma kağız kitab işıq oldu, olmadı, enerji oldu, olmadı o səninlədir. Yəni elektron kitab birbaşa enerjiyə bağlıdır. Enerji yoxdursa, o heç zaman səninlə olmayacaq. Biz əcdadlarımıza, atalarımıza, babalarımıza hansı şəkildə hörmət ediriksə, kitaba da o şəkildə hörmət etməliyik və onu qorumalıyıq. Onu dağıtmamalı, cırmamalıyıq. Onu evimizdə ən gözəl yerlərdə saxlamalıyıq-ən əziz hədiyyə kimi”.
Banuçiçək Məmmədova