Elektron media informasiya funksiyasını yox, təbliğat funksiyasını yerinə yetirir.
“Bu gün təəssüflər olsun ki, Azərbaycan elektron mediası daha çox hazırladığı ucuz şou və qeyri-peşəkar materialları ilə yadda qalır. Baxmayaraq ki, Azərbaycan radiosu və televiziyasının kifayət qədər maliyyə imkanları, resursları var”.
Bu sözləri İnformator.az-a açıqlamasında media eksperti Seymur Kazımov söyləyib. Jurnalistin sözlərinə görə, bu gün reklam bazarı demək olar ki, ancaq elektron KİV-ə işləyir.
“Qarşılığında isə biz çox az səviyyədə maraqlı və peşəkar materiallar görürük. Azərbaycan televiziya və radiosunun əsas problemi onların müstəqil və azad olmamasıdır. Təəssüflər olsun ki, bu tip media hələ də Azərbaycan əhalisinin ən çox baxdığı, müraciət etdiyi mediadır”.
Seymur Kazımov düşünür ki, elektron media informasiya funksiyasını deyil, təbliğat funksiyasını yerinə yetirir.
“Bu medianın sovet dövründə olduğu kimi nəzarət altında olması onu göstərir ki, elektron media informasiya funksiyasını yox, təbliğat funksiyasını yerinə yetirir. Nəticədə isə biz daha çox qeyri-peşəkar materialların yayımlanmasının şahidi oluruq”.
Media eksperti arzu edir ki, 6 noyabr sadəcə “Azərbaycan televiziyası və radiosu” günü kimi qeyd olunmasın.
“Azərbaycan jurnalistikası birmənalı şəkildə müstəqil və azad olmalıdır. Azadlıq olmadıqda nə 22 iyul, nə də 6 noyabr tarixlərinin jurnalistikamızda bir əhəmiyyəti olacaq. Bu günlər hazırda, sıradan, adi gün kimi qeyd edilir”.
Ekspert açıqlamasında elektron mediaya olan düşüncəsindən də söz açıb.
“Bütün bu illəri nəzərə alaraq deyə bilərəm ki, mən elektron mediaya qarşı olduqca pessimistəm. Düşünürəm ki, bu proses bir neçə il davam etsə, yenə də olduğu kimi qalsa, pessimist düşüncəm dəyişməyəcək”.
Həcər Əmiraslanlı
