Elm və Təhsil Nazirliyindən məktəblərdə mobil cihazlarla bağlı yeni qərar
Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni qaydalar təsdiqlənib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, qərarın məqsədi məktəblərdə tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərs prosesinə yönəltmək və onları rəqəmsal mühitin mənfi təsirlərindən qorumaqdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, mobil telefonlardan dərs zamanı istifadənin məhdudlaşdırılması şagirdlərin diqqətinin dərsə yönəlməsinə müsbət təsir göstərə bilər:
"Araşdırmalar göstərir ki, mobil telefonlardan gələn bildirişlər və sosial media istifadəsi diqqətin tez-tez yayınmasına, məlumatın mənimsənilməsinin zəifləməsinə və akademik nəticələrin aşağı düşməsinə səbəb ola bilir. Telefonların dərs prosesindən kənarlaşdırılması müəllim-şagird ünsiyyətini gücləndirə, sinifdə fəallığı artıra və şagirdlərin dərsə daha aktiv qoşulmasına şərait yarada bilər. Bununla yanaşı, məsələ yalnız qadağa ilə həll olunmur. Mobil telefonlar düzgün idarə olunduqda öyrənmə prosesində faydalı rəqəmsal alətə də çevrilə bilər. Buna görə də, əsas məqsəd texnologiyanı tamamilə rədd etmək deyil, onun yaşa uyğun, məqsədyönlü və nəzarətli istifadəsini təmin etməkdir".
Ekspert həmçinin vurğulayıb ki, qaydaların uğurlu tətbiqi üçün məktəb, müəllim, valideyn və şagird arasında vahid yanaşma formalaşdırılmalıdır:
"Məktəblər qaydaları bütün iştirakçılara aydın şəkildə izah etməli, onların tətbiq mexanizmini şəffaf müəyyənləşdirməli və istisna halları əvvəlcədən tənzimləməlidir. Müəllimlər isə dərsləri daha interaktiv təşkil etməklə şagirdlərin telefona marağını təbii şəkildə azaltmağa çalışmalıdırlar. Valideynlər də bu prosesdə mühüm rol oynayırlar. Onlar məktəbin qaydalarını dəstəkləməli, övladları ilə rəqəmsal texnologiyaların məsuliyyətli istifadəsi barədə mütəmadi söhbətlər aparmalı və evdə də ekran vaxtının balanslı idarə olunmasına diqqət yetirməlidirlər. Ən önəmlisi, bu qaydalar cəza mexanizmi kimi deyil, şagirdlərin akademik uğurunu, psixoloji rifahını və sağlam rəqəmsal vərdişlərini dəstəkləyən bir addım kimi təqdim edilməlidir. Bu halda onların həm qəbul olunması, həm də uzunmüddətli effektivliyi daha yüksək olacaq".
Mövzu ilə bağlı şagirdlərə və valideynlərə də suallar ünvanladıq.
9-cu sinif şagirdi Samir Mustafayev bildirib ki, telefonlardan dərs zamanı istifadə olunmaması bizim diqqətimizi daha çox dərsə yönəldəcək:
"Dərs vaxtı sosial şəbəkələr və oyunlar fikri yayındırdığı üçün bu qayda dərslərin daha səmərəli keçməsinə kömək edə bilər. Məncə, bu qərar nizam-intizamı artıracaq".
10-cu sinif şagirdi Yağmur Mehdizadə deyib ki, telefonlardan yalnız tədris məqsədilə istifadə olunması daha düzgün yanaşmadır:
"Lazım olduqda dərs üçün faydalı vasitə kimi istifadə edilə bilər, digər hallarda isə istifadənin məhdudlaşdırılması məktəbdə diqqəti və ünsiyyəti artıracaq. Bununla yanaşı, təcili hallarda valideynlə əlaqə üçün məktəbin müəyyən qaydalarının olması vacibdir".
Məsələ ilə bağlı valideyn Səma Mustafayeva isə qeyd edib ki, bu qaydaların tətbiqini müsbət qiymətləndirirəm:
"Telefonun dərs zamanı diqqəti yayındırdığı məlumdur və onun məhdudlaşdırılması uşaqların dərslərə daha yaxşı fokuslanmasına kömək edəcək. Eyni zamanda, məktəblərdə valideynlə əlaqə saxlamaq üçün uyğun mexanizm olarsa, həm təhlükəsizlik, həm də təhsil baxımından bu qərarın faydalı olacağını düşünürəm".
Aişə Mustafayeva