Elm və Təhsil Nazirliyi imtahanların keçirilməsi məsələsində, Dövlət İmtahan Mərkəzinə xeyli uduzur
"Müəllimlərin sertfikatlaşdırılması prosesinin müsahibə mərhələsinin cavabları doğrudan da, gözlənildiyi tarixdən xeyli gec açıqlandı".
Bu sözləri informator.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri deyib. Ekspert deyir ki, çox müəllim bununla bağlı xüsusi narahatlıq keçirirdi, gec açıqlamasında hər-hansı anormal səbəbin olub-olmadığını müəyyən etməyə çalışırdı.
“Bu əslində, 14 oktyabr tarixinə qədər keçirilən sertfikasiyada iştirak edənlər üçün olan bir etap idi. Yəni, 21883 nəfər müəllim bu nəticəni səbrsizliklə gözləyirdi."
Elmin Nuri qeyd edir ki, nəticələr gözlənildiyi vaxtdan təxminən 1 ay keçəndən sonra açıqlandı. Hər bir müəllimi təbrik edirəm.
"Nəticələrdən məlum oldu ki, həmin o 21.883 müəllimdən 21.784 müəllim müsahibə mərhələsindən uğurla keçib. Onların bəziləri test imtahanı mərhələsindəki nəticələrinə görə 35%-lik artıma, böyük qismi isə 10%-lik artıma düşüb."
Ekspert 21.883 nəfər müəllimin yanında 99 nəfər kiçik rəqəm kimi görünsə də, bunun az rəqəm olmadığını qeyd edib.
"Cəmi 99 müəllim müsahibə mərhələsindən kəsilmiş hesab olundu. Biz cəmi deyirik, amma 99 müəllim də o qədər az rəqəm deyil. Səhv etmirəmsə, ötən etapda müsahibədən keçməyən müəllim sayı 78 nəfər idi."
Elmin Nuri nəticələrin gec açıqlanmasının səbəblərinə də aydınlıq gətirib.
“Mən düşünürəm ki, burada xüsusi səbəb yoxdur. Nəticələr nə vaxt açıqlansa da, biz yenə nəticələrin şahidi olacağıq. Sadəcə burada problem odur ki, proseslərin vaxtında, operativ şəkildə həll olunması məsələsi nəzərə çarpıb. Dövlət İmtahan Mərkəzi (DİM) onminlərlə şəxsə imtahan keçirib, onun nəticələrini cəmi bir-neçə günə asanlıqla ictimaiyyətə çatdırır. Nazirlik isə imtahan prosesinində təssüflər olsun ki, gecikir. Doğrudur, müsahibə mərhələsi bir az spesifik məsələdir, test imtahanı mərhələsi kimi deyildir. Amma hər bir halda bu prosesi genişləndirmək olar. Elm və Təhsil Nazirliyi imtahanların keçirilməsi məsələsində müəyyən texniki və təşkilati məsələlərdə geri qalır və Dövlət İmtahan Mərkəzinə bu prizmadan xeyli uduzur.".
E.Nuri əlavə edib ki, zaman-zaman şaiyələr yaranır, hətta təklif şəklində deyilir ki, kaş müəllimlərin işə qəbulu üzrə müsabiqəni də Dövlət İmtahan Mərkəzi həyata keçirə.
“Təbii, bu hələ arzu şəkildə deyilir hələ ki, əməli olaraq həyata keçirilməsi inandırıcı deyil. Elm və Təhsil Nazirliyi istər müəllimlərin isə qəbulu müsabiqəsini ,istər sertfikasiyasını həm imtahanın təşkili həmdə cavabların açıqlanması prosesini doğru-düzgün, vaxtında ictimaiyyətə çatdırsa, belə şaiyələr də yaranmaz. Şaiyələr doğrudurmu, düzgündürmü o ayrı bir məsələdir. Təbii ki doğru deyil, amma onu yaradan səbəblər doğrudur”.
Aydan İsayeva
