Emosional soyuqluq və stres
Demensiya yalnız yaddaş itkisi ilə bağlı deyil onun erkən mərhələlərində əhəmiyyətli, lakin tez-tez gözə çarpmayan emosional və davranış dəyişiklikləri müşahidə olunur. Klinik təcrübələr göstərir ki, emosional soyuqluq, affektin azalması, stressə həssaslıq və sosial çəkilmə demensiyanın ilkin əlamətləri ola bilər. Bu simptomlar nevropsixoloji və psixoloji qiymətləndirmə vasitəsilə erkən mərhələdə aşkar edilə bilər və vaxtında müdaxilə xəstənin həyat keyfiyyətini və xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, demensiya ağır diaqnozdur və onun təyini, eləcə də gedişatının izlənməsi əsasən psixiatrlar aparır.
“Çünki demensiya zamanı təkcə psixoloji deyil, eyni zamanda psixiatrik və fizioloji pozuntular da müşahidə olunur. Sinir hüceyrələrinin həssaslığının azalması, yaşla əlaqədar olaraq sinir hüceyrələrinin regenerasiyasının ləngiməsi və beyində kiçilmə prosesləri baş verir. Orqanizmdəki bu cür dəyişikliklər zehni fəaliyyətə və beynin funksiyalarına birbaşa təsir göstərdiyi üçün demensiyanın daha çox psixiatrların izləməsi tövsiyə olunur. Paralel olaraq isə biz psixoloqlar demensiya və Altsheymer xəstələri ilə işləyirik. Burada fizioloji tərəf çox böyük əhəmiyyət daşıyır, çünki orqanizmin əsas ehtiyacları məhz bu istiqamətdə qarşılanmalıdır. Psixoloji baxımdan isə demensiya yalnız emosional soyuqluqla izah olunmur. Burada yaşanmış travmalar mühüm rol oynayır. Adətən insanlar travmanı daha çox böyük və qlobal hadisələrlə əlaqələndirirlər. Halbuki hər bir fərdin şəxsiyyət xüsusiyyətlərinə uyğun olaraq travmanın ölçüsü, miqyası və şiddəti fərqlidir. İnsanlar nə qədər müxtəlifdirsə, yaşadıqları travmalar da bir o qədər fərqlidir. Travmaların nəticəsində insan zehnində, sadə dillə desək, “qaranlıq otaqların” sayı artır. Bu isə zehinlə bədən arasındakı əməkdaşlığın zəifləməsinə gətirib çıxarır. Nəticədə artıq gözlə görünən demensiya əlamətləri meydana çıxmağa başlayır. İnsan beyni mərkəzi sinir sisteminin əsas hissəsi olub sağ və sol yarımkürələrdən ibarətdir. Emosional vəziyyətimizin tənzimlənməsində daha çox beynin sağ yarımkürəsi iştirak edir. Elektroensefaloqramma müayinələri zamanı da tez-tez müşahidə edirik ki, ocaqlar əsasən sağ yarımkürədə qeydə alınır. Bunun səbəbi yaşadığımız mühit və cəmiyyətlə bağlıdır. Uzun illər insanlar məntiqə üstünlük verməyə maddi və praktik tərəfləri ön plana çəkməyə təşviq olunublar. Bu isə emosiyaların uzun müddət arxa plana atılmasına səbəb olub. Halbuki insanın psixoloji balansda olması üçün emosional və praktik tərəflər bir-biri ilə qarşılıqlı əməkdaşlıq şəraitində olmalıdır. Təəssüf ki, son onilliklərdə bu mövzuya diqqət yetirilməyə başlanıb. Ümid edirəm ki, gələcək nəsillərdə demensiya və Altsheymer xəstəliklərinin əlamətləri daha az müşahidə olunacaq. Yaşlılarda demensiyanı araşdırarkən diaqnoz qoyulmuş xəstələrlə ünsiyyət və seanslar zamanı tez-tez müşahidə edirik ki, onlar keçmişə xüsusilə, uşaqlıq xatirələrinə qayıdırlar. Ən kövrək nöqtə isə məhz uşaqlıq dövründə onların emosiyalarının görməzdən gəlinməsi olur. Biz emosional varlıqlarıq, lakin uşaqlıqda valideynlər və yaxın çevrəmiz emosiyalarımızı nəzərə alınmadıqda içimizdə bir küskünlük formalaşır. Bu da emosiyaları gizlətməyə, onları dəyərsiz hesab etməyə gətirib çıxarır. Nəticədə insan ömrü boyu öz emosiyalarını belə görməzdən gəlməyə başlayır. Anksiyete isə təşviş və təlaş halı deməkdir. Psixoloji cəhətdən sadə dillə izah etsək, anksiyetesi olan insanları tələsən, həyəcanlanan, yuxusuz qalan, hər şeyi nəzarətdə saxlamağa çalışan və yaddaşından şikayət edən insanlar kimi tanıyırıq. Bu vəziyyət adətən qəfil yaranmır. Onun başlanğıcı tətikləyiciləri və səbəbləri olur. İnsanlar nə qədər fərqlidirsə, bu səbəblər də bir o qədər müxtəlifdir.
Ümumiləşdirsək, anksiyete və davranış pozuntusu olan insanlar çox zaman bu vəziyyəti valideynlərindən təkrarlayırlar. Seanslar zamanı aydın olur ki, bu insanlar uşaqlıqdan daim tələsdiriliblər: “tez ol”, “gecikirik”, “niyə ləngiyirsən?” kimi ifadələrlə böyüyən uşaq daim təşviş içində olur. Beynində belə bir proqram formalaşır ki, yalnız tələsərək yaşasa, doğru yaşayacaq. Bu davranış modeli sonradan onun bütün həyatına sirayət edir ailə qurduqda həyat yoldaşına, övladlarına və ətrafındakı insanlara da ötürülür. Ümumiyyətlə tövsiyə edərdim ki, insanlar internetdə apardıqları araşdırmalar və son zamanlar geniş yayılan süni intellekt alətlərindən istifadə edərək özlərinə diaqnoz təyin etməsinlər. Diaqnoz qoymaq mütəxəssislər üçün belə çoxmərhələli və məsuliyyətli bir prosesdir. Peşəkarlar heç vaxt ilk görüşdə dərhal diaqnoz təyin etmirlər. Bu proses müşahidə , qiymətləndirmə və zaman tələb edir. Bizim protokollara əsasən də uzunmüddətli müşahidə çox vacibdir, çünki insana fərdi yanaşma olmadıqda ona real kömək göstərmək mümkün olmur. Ailə üzvlərinin xəstə insanlara yanaşmasına gəldikdə isə düşünürəm ki, “ailə” anlayışı beynimizdə isti yuva, təhlükəsizlik və qayğı hissi ilə assosiasiya olunur, lakin qayğı anlayışı insanı tam fəaliyyətsizliyə sürükləyən bir nəzarət formasına çevrilməməlidir. Qayğı ilə yanaşmaq o deməkdir ki, insan bacarmadığı hallarda belə onu incitmədən, narahat etmədən dəstəkləyəsən. “Bacararsan”, “eybi yox, hər şey ola bilər”, “biz də insanıq, hər birimizin səhvi ola bilər” kimi ifadələr bu mərhələdə çox önəmlidir. Bu yanaşma yalnız demensiya və ya Altsheymer diaqnozu qoyulmuş şəxslərə deyil, onkoloji xəstələrə, uşaqlara və ümumiyyətlə hər bir insana şamil edilməlidir. İnsanlara duyğu ilə yanaşmaq, özünü onların yerinə qoyaraq dünyaya onların baxdığı nöqtədən baxmaq insana xas olan ən dəyərli xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət empatiya adlanır. Empatik yanaşma insanın özünü qarşısındakının yerində təsəvvür etməsi, onun yaşını, vəziyyətini və hisslərini nəzərə alaraq münasibət qurması deməkdir. Səmimi ünsiyyət çox vacibdir. “Nəyə ehtiyacın var?”, “nə istəyirsən?”, “mən həmişə buradayam” kimi cümlələr insanın özünü tək hiss etməməsinə kömək edir, çünki yaşlılar, onkoloji xəstələr və demensiya və ya Altsheymer diaqnozu qoyulmuş insanlar çox zaman kömək istəməkdə çətinlik çəkirlər. Bəzən bunu özlərinə sığışdırmırlar, bəzən də ətrafdakıların hər şeyi başa düşməli olduğunu düşünürlər. Halbuki bu, hər zaman belə olmur. Biz insan olaraq köməyimizi açıq və aydın şəkildə təklif etməliyik: “Sənə kömək lazım olarsa, mən buradayam”, “istədiyin zaman mənə müraciət edə bilərsən”. Bu cümlələr həm sadə, həm də çox adekvatdır. Ümumiyyətlə, hər bir münasibət bir əməkdaşlıqdır. Münasibətlərin balansda qalması üçün insanlar bir-birinə kömək təklif etməli, qarşı tərəfin də kömək istəməkdən utanmamasına şərait yaratmalıdırlar. İnsan kömək istəməkdən çəkinməməli, bunu rahatlıqla ifadə edə bilməlidir”.
Ədilə Hüseynzadə
