Erkən evlilik,itirilmiş gənclik
Erkən evlilik hələ də bir çox cəmiyyətlərdə aktual və mübahisəli mövzulardan biridir. Bəzən bu qərar ailə və ya cəmiyyət təzyiqi ilə, bəzən isə sosial və iqtisadi səbəblərlə verilir. Lakin bu “seçim”in arxasında çox vaxt itirilmiş uşaqlıq, yarımçıq qalan təhsil və psixoloji travmalar dayanır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, Azərbaycan Respublikası BMT-nin uşaq hüquqları ilə bağlı Beynəlxalq Konvensiyasına qoşulub:
“BMT Uşaq Hüquqları Konvensiyasında da göstərilir ki, nikah yaşı 18 yaş kimi qəbul olunur. 18 yaşdan aşağı olanların nikahları erkən nikah sayılır və düzdür, Azərbaycanda istisna hal kimi 17 yaş var idi. O istisna halın aradan götürülməsi ilə bağlı müraciət edildi. Əslində, 18 yaş nikah yaşı sayılır. 18-dən aşağı artıq erkən nikah sayılır. Bununla bağlı da Cinayət Məcəlləsində maddə var. 152-ci maddə var ki, 16 yaşlı şəxsə qarşı hansısa cinsi təmas, hüquqi məsuliyyət yaradır. Bunun üçün inzibati tədbirlər var, həm də cinayət məsuliyyəti var. Bununla bağlı hüquqi məsuliyyət nəzərdə tutulub. Yəni əgər 15-16 yaşlı qızlara qarşı belə hal baş versə, yəni bunlar ailə qurursa, bu artıq erkən nikah sayılır. Bu yolverilməzdir. Bunla bağlı həm də valideynlərin məsuliyyəti var. Valideynlər də məsuliyyət daşıyır, çünki nikaha məcbur etmə halları olur. Cinayət Məcəlləsində 176-cı maddənin 1,2,3-cü bəndində bu nəzərə alınıb. Əgər bu erkən nikaha məcbur edilirsə, artıq məsuliyyət daha ağırdır. Yəni ona görə valideynlər bunun fərqində olmalıdır ki, onlar qız uşaqlarına , “valideynlik hüququndan”istifadə edib belə bir nikaha məcbur edə bilməzlər. Əks təqdirdə onları hüquqi məsuliyyət gözləyəcək. Çünki Konstitusiya Ailə Məcəlləsində yazılır ki, valideynlik hüququ uşaq hüquqlarına zidd ola bilməz. Yəni bu birmənalı belədir və valideynlər bunun fərqində olmalıdır ki, qızlarını erkən nikaha cəlb etmək olmaz. Burada təkcə ərə getmək, ailə qurmaqdan söhbət getmir. Adaxlanmaq, nişanlanmaq və s. digər törələr də buna daxildir ki, yəni birmənalı şəkildə bunlar hüquqi məsuliyyət yarada bilir. Ona görə də belə hallar yolverilməzdir”.
Müsahibimiz həmçinin bildirib ki, sosial nəzarət güclüdür:
“Belə hallar olanda dərhal bunu işıq da ictimailəşdirirlər. Həm sosial media vasitəsilə, sosial şəbəkələr vasitəsilə, həm də bəlli ünvanlara müraciət edirlər. Buna görə cəmiyyətimiz xeyli dəyişilib, yəni bu o deməkdir ki, artıq köhnə fikirlərdən uzaqlaşıblar və artıq demək olar, bu işdə erkən nikaha qarşı dövlətimizin, hökumətin apardığı hüquq müstəvisində apardığı tədbirlərə dəstək verirlər və ictimaiyyət də belə halları yaxşı qarşılamır. Bu çox yaxşı haldır. Yenə qeyd edirəm, hər birimiz belə hallara qarşı çıxmalıyıq. Çünki o yaşda uşağa qarşı, yəni 15-16 yaşında uşağa qarşı nikaha məcbur etmə-bu həm hüquqi baxımdan, həm əxlaqi baxımdan yolverilməzdir. Ona görə cəmiyyət olaraq biz buna qarşı mübarizə aparmalıyıq. Dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək verməliyik ki, belə hallara yol verilməsin. Hesab edirəm ki, bununla bağlı tədbirlər görülür. Ancaq bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, statistika da var. Statistikada da göründüyü kimi, məsələn, nikahdankənar doğulanların sayı təqribən 80 mindən yuxarı göstərilir və əfsuslar olsun ki, bunun bir qismi də erkən yaşda, yəni 15 və 17 18-19 yaş arasında olan qızlar dünyaya gətirib. Biz bir qədər də çalışmalıyıq. Həm cəmiyyət olaraq, həm də müvafiq qurumlar bu istiqamətdə çalışmalıdır. Sosial agentlər vasitəsilə belə hallar varsa, onu dərhal qeydə alıb müvafiq qurumlara məlumatlandırmalıdır və tədbir görülməlidir”.
Banuçiçək Məmmədova
