Erkən nigahların fəsadları çox böyükdür
“Erkən evliliklər nəinki Azərbaycan, dünyada ən aktual problemə çevrilib. Bu barədə nə qədər danışılsa, müzakirələr aparılsa, belə erkən nigah sayları günü-gündən artır”.
Bu sözləri İnformator.az-a açıqlamasında Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu Aygün Ağabalayeva deyib. Onun sözlərinə görə, əsas səbəblərdən biri mentalitetdən irəli gələn düşüncələrdir.
-Tez duran və tez evlənən həyatda qazanır
-Ay, qızım evdə qalar
“Bu kimi fikirlər düşüncələrin yanlışlığından xəbər verir. Bəzən ailənin maddi vəziyyətindən çox şey asılı olur. Maddi durumu zəif olan valideynlər, təbii ki, övladının yaxşı ailəyə gəlin getməsini, xoşbəxt gələcək yaşamasını düşünür. Lakin, ailələr düşünə bilmir ki, bu addım ciddi fəsadlar törədir. Bəzən valideyn təsiri, yaxud övladın istəyi üzrə erkən evliliklər baş tutur.
Amma, valideyn nəzərə almalıdır ki, erkən nigahların fəsadları çox böyükdür. Həm fiziki, həm psixoloji baxımdan bu hərəkət doğru deyil. Bu evlilikdən dünyaya gələn əksər uşaqlar sağlam olmur. Erkən evliliklərdə qızların həyat təcrübəsi olmadığından onlar dünyaya gətirdiyi övlada da düzgün tərbiyə verə bilmir. Erkən nigah quran qızların təhsilin dava etdirə bilmir, cəmiyyətdə daim təcrid edilir. Eyni zamanda, onlarda sağlamlıqla paralel, depressiv hallar, özgüvən əksikliyi, qorxu və s. belə baş tutur.
Yeniyetmələr nigahdan öncə həyat təcrübəsi qazanmalı, təhsilinu inkişaf etdirməlidir. Demirəm hamı işləsin. İşləmək ailədən, şəxsin özündən asılıdır. Amma təhsil mütləqdir. Savadlı ana, gələcəyimizə savadlı övladlar yetişdirəcək.
Ailə qurmaq üçün standart bir yaş deyə bilmərəm. Hər kəsin öz düşüncə tərzi, məsuliyyət hissi var. Bu nigahlardan çıxış yolunda nisbətən belə olsa, əsas rol valideynlərə məxsusdur. Övladların maariflənməsi də çox önəmli məsələdir. Lakin valideynlər erkən nigah barəsində kifayət qədər məlumatlansa, bu hallarında qarşısı nisbətən də olsa, alınar”.
Türkan Kərimli
