Ermənistan 33 azərbaycanlının meyitini qaytarmayıb
Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.
Bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Hikmət Babaoğlu bildirib ki, Azərbaycan və Ermənistan arasında bu gün ən problemli məsələlərdən biri itkin düşmüş vətəndaşlarımızla bağlıdır:
“Ermənistan və Azərbaycan arasındakı ən mühüm problemlərdən biri itkin düşmüş vətəndaşlarımızla bağlı məlumatların verilməməsidir, onların yerinin bildirilməməsidir. Bu da Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlərin ifşa olunmaması baxımından Ermənistan üçün əhəmiyyətlidir. Çünki biz bilirik ki, itkin düşmüş vətəndaşlarımız ağır işgəncələrə məruz qalıblar. Əgər onların hamısını biz taparıqsa, üzərində aparılan tibbi ekspertizalar nəticəsində onların necə qəddar işgəncələrə məruz qaldıqları, bəlkə kütləvi şəkildə və qeyri-ənənəvi şəkildə dəfn olunduqlarını da görə bilərik”.
Bu səbəbdən Hikmət Babaoğlu vurğulayıb ki, Ermənistan onların taleyi ilə bağlı məlumatların yayılmasını qəti şəkildə istəmir:
“Çünki hər aşkar edilən itkin düşmüş nəşi Ermənistanın bir cinayətinin ifşa olunması deməkdir. Ancaq bu, insan hüquqlarına ziddir. Ona görə də Azərbaycan bütün hallarda bu məsələni gündəmə gətirir və onun həlli üçün Ermənistana təzyiq edir. Ermənistanın davranışları isə iki məsələdə sülhə böyük zərbə vurur. Bunlardan biri Ermənistanın bu günə qədər də mina xəritələrini Azərbaycana verməməsidir, ikincisi itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatı bizə ötürməməsidir. Mənə elə gəlir ki, nəhayət, bu istiqamətdə müsbət addımlar atılmasa, bu, Ermənistan-Azərbaycan münasibətlərinin sülh perspektivinə ciddi ziyan vura bilər”.
Ayşə Cəfərova