Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymətin artacağı təqdirdə, Ermənistan alternativ qaz mənbələri axtara bilər.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq standartlara uyğun şəkildə Ermənistana enerji satışını həyata keçirə bilər:
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırıb. Ölkə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda sabitliyin təmin olunmasında əsas aktorlardan birinə çevrilib. Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərindən biri qonşularla dinc yanaşı yaşamaqdır. Məhz bu yanaşmanın nəticəsi olaraq Prezident İlham Əliyev Vətən müharibəsindən sonra Ermənistana beş əsas prinsipdən ibarət sülh təşəbbüsü təqdim edib. Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb. Sənədin imzalanması regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə verə bilər. Azərbaycan indiyədək sülh təşəbbüslərini davamlı şəkildə nümayiş etdirib. Ermənistanın nəqliyyat kommunikasiyalarından istifadəsinə şərait yaradılıb, Azərbaycan ərazisi üzərindən müxtəlif istiqamətlərdən gələn yüklərin daşınması təmin olunub. Eyni zamanda, ölkə vaxtilə Ermənistanda yaranan enerji problemlərinin aradan qaldırılmasına da dəstək göstərib. Bu addımlar Azərbaycanın regionda əməkdaşlıq və sabitlik tərəfdarı olduğunu göstərir".
Politoloq vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyata keçirdiyi siyasətin regionda əlavə gərginlik yaratdığı bildirilir:
"Xüsusilə, Ermənistanın Qərblə və NATO ilə yaxınlaşma siyasəti həm Rusiyanın, həm də İranın strateji maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Moskva dəfələrlə bəyan edib ki, İrəvanın son dövrdə atdığı bəzi addımlar Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərir. Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsi iqtisadi sahəyə də təsirsiz ötüşməyə bilər. Xüsusilə, enerji əməkdaşlığında yaranacaq problemlər ölkə iqtisadiyyatı üçün əlavə çətinliklər yarada bilər. Belə bir şəraitdə Azərbaycan beynəlxalq standartlara uyğun şəkildə Ermənistana enerji satışını həyata keçirə bilər. Bu isə iqtisadi əlaqələrin genişlənməsi fonunda siyasi münasibətlərin də yumşalmasına şərait yarada bilər. Ermənistanın qonşularla dinc yanaşı yaşamaq prinsipini tam şəkildə qəbul etməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsi regionda etimad mühitinin formalaşmasına töhfə verə bilər. Çünki siyasi münasibətlərdəki gərginlik birbaşa iqtisadi əməkdaşlığa təsir göstərir. Ərazi iddialarının davam etməsi region ölkələri arasında münasibətlərin inkişafını məhdudlaşdırır. Ermənistanın Qərbə inteqrasiyanı prioritet seçərək Rusiya ilə münasibətlərini daha da gərginləşdirməsi ölkənin Avrasiya İqtisadi Birliyindəki gələcəyini də sual altına qoya bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər. Ümumilikdə, regionda sabitliyin və təhlükəsizliyin qorunması bütün dövlətlərin maraqlarına uyğundur. Gərginliyin artması yalnız bir ölkəyə deyil, bütün Cənubi Qafqaza mənfi təsir göstərə bilər. Bu baxımdan, qarşılıqlı əməkdaşlıq, dinc yanaşı yaşamaq prinsipi və sülh sazişinin imzalanması regionun gələcək inkişafı üçün əsas şərtlərdən biri hesab olunur".

Səmayə Səftərova