Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 nömrəli məntəqədən gedir. Səsvermə nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli ("Milli-demokratik qütb") bülletenin olmaması olub. Seçki komissiyasının protokoluna əsasən, orada səsvermədə 809 nəfər iştirak edib.
Ən çox səsi "Vətəndaş müqaviləsi" toplayıb – 602. Müxalif "Ermənistan" və "Güclü Ermənistan" blokları müvafiq olaraq - 67 və 71 səs alıblar.
İyunun 11-də MSK növbədənkənar iclasında iki məntəqədə – İrəvanda və Sünikdə səsvermənin nəticələrini ləğv edib.
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunu təşkil etməyə çağırıb.