“Ermənistan mümkün zərbə ehtimalına görə Təhlükəsizlik Şurasını toplayıb” - Ekspert
Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas ölkənin baş naziri Nikol Paşinyanın sədrliyi ilə baş tutub. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, iclasda parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər. Görüş zamanı regiondakı mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurasının toplanması regiondakı son hadisələrlə bağlı ola bilər:
“Bölgədə gərginliyin əsas səbəblərindən biri İranın son dövrlərdə artan aktivliyidir.
Xüsusilə, Naxçıvana zərbə endirməsi və bunun ardınca Türkiyənin cavab zərbəsi Ermənistan tərəfinin də özünü təhlükəsizlik baxımından narahat hiss etməsinə səbəb olub. Ehtimal olunur ki, Ermənistana mümkün risklər nəzərə alınaraq belə bir Təhlükəsizlik Şurası iclası keçirilib. Buna baxmayaraq, rəsmi Bakı və Ankara məsələlərə daha təmkinli yanaşma nümayiş etdirir. Düzdür, Azərbaycanla İran arasında yaranmış gərginlik müəyyən qədər səngiyib. Tərəflər arasında telefon danışığı da baş tutub. Lakin buna baxmayaraq, Ermənistan tərəfi müəyyən narahatlıq içərisindədir. Çünki regionda proseslər tam dayanmayıb və müharibənin təsirləri hələ də davam edir. Regionda baş verən proseslər fonunda diplomatik təmaslar da intensivləşib. Ermənistan Xarici İşlər Nazirliyi həm Türkiyə, həm də Azərbaycanla telefon danışıqları aparıb. Bu danışıqlarda mövcud vəziyyət, regional proseslər və gərginlik müzakirə olunub. Ermənistanın regional tərəfdaşlarla mütəmadi əlaqə saxlaması da diqqət çəkir”.
Ekspertin sözlərinə görə, son proseslər müəyyən mənada Azərbaycan-Ermənistan münasibətlərində dialoqun davam etməsinə şərait yaradıb:
“Azərbaycan və Ermənistan arasında təmaslar artmaqdadır. Xarici işlər nazirləri arasında telefon danışığı da baş tutub və tərəflər regional məsələləri müzakirə ediblər. Bu baxımdan demək olar ki, sülh gündəliyi qalmaqdadır və proses davam edir. Nəticə etibarilə, bu proseslərin Azərbaycan-Ermənistan münasibətlərinə xüsusi mənfi təsiri yoxdur. Əksinə, müəyyən müsbət tendensiyaların olduğunu demək mümkündür”.
Fatimə Hüseynli
