Ermənistanda parlament seçkiləri keçirilir: Paşinyan, yoxsa müxalifət qalib gələcək?
Ermənistanda keçirilən parlament seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək. Seçkilərin əsas rəqabəti hakim komanda ilə müxalifət arasında gedir. Nəticələr təkcə Ermənistanın daxili siyasətinə deyil, həm də Azərbaycanla münasibətlərə, regional təhlükəsizliyə və ölkənin xarici siyasət istiqamətinə təsir göstərə bilər. Buna görə də seçkilərin nəticəsini həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət diqqətlə izləyir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək mühüm hadisələrdən biri hesab olunur:
“Bu seçkilər təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın daxili və xarici siyasətdə hansı istiqaməti seçəcəyinə dair bir referendum xarakteri daşıyır. Əsas rəqabət baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komanda ilə müxalif qüvvələr arasında gedir. Paşinyan hakimiyyətə gəldiyi gündən dövlət idarəçiliyinin modernləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və siyasi sistemin yenilənməsi istiqamətində islahatlar həyata keçirməyə çalışıb. 2020-ci il müharibəsindən sonra isə onun hökuməti regional sabitliyin təmin olunması və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması xəttini prioritet elan edib. Xüsusilə, Azərbaycanla sülh sazişi üzrə aparılan danışıqlar və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar bu siyasətin əsas elementləri kimi qiymətləndirilir. Paşinyanın yenidən hakimiyyətdə qalması həmin kursun davam etdirilməsi ehtimalını artırır. Müxalifət isə bu yanaşmanı kəskin tənqid edir. Onların fikrincə, son illərdə Ermənistanın təhlükəsizlik sistemi zəifləyib, ölkənin regional mövqeləri daha həssas vəziyyətə düşüb. Müxalif qüvvələr hesab edirlər ki, Azərbaycanla aparılan danışıqlarda hökumət həddindən artıq güzəştlərə gedib və milli maraqları lazımi səviyyədə müdafiə etməyib. Eyni zamanda, Paşinyan ənənəvi strateji tərəfdaş hesab olunan Rusiya ilə münasibətləri zəiflətməkdə ittiham olunur”.
Politoloq qeyd edib ki, əgər seçkilərdə müxalifət qalib gəlsə, Ermənistanın xarici siyasətində daha sərt və konservativ xəttin ön plana çıxacağı gözlənilir:
“Bu halda Azərbaycanla münasibətlərdə və sülh danışıqlarında yeni çətinliklərin yaranması mümkündür. Bununla belə, regionda formalaşan geosiyasi reallıqlar istənilən hakimiyyəti müəyyən siyasi və iqtisadi məcburiyyətləri nəzərə almağa vadar edəcək. Seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanın qarşısında duran əsas vəzifə təhlükəsizlik, iqtisadi inkişaf və regional inteqrasiya arasında balans yaratmaqdır. Bu baxımdan seçicilər təkcə siyasi liderlər arasında deyil, həm də iki fərqli inkişaf modeli arasında seçim edirlər".
Cavahir Əsgərbəyli