00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
06.11.2026 20:30 20 2 dəq oxuma
Siyasət

Ermənistanın KTMT-də səsvermə hüququ təhlükə altındadır

Ermənistanın KTMT-də səsvermə hüququ təhlükə altındadır

 

Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəməməsi səbəbindən səsvermə hüququndan məhrum edilməsi Rusiya ilə münasibətlərdə gərginliyi daha da artıracaq, İrəvanın Qərbə yönəlmiş siyasi kursunu gücləndirəcək və ölkənin gələcəkdə KTMT-dən tamamilə çıxması üçün zəmin yaradacaq.

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Rusiya Xarici İşlər Nazirliyinin məlumatına və mövcud siyasi gedişatın təhlilinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səsvermə hüququndan məhrum edilməsi iki ölkə arasındakı onsuz da gərgin olan münasibətləri daha da simvolik və praktiki şəkildə sonlandırma mərhələsinə yaxınlaşdıracaq:


“Ermənistan 2024-cü ildən etibarən KTMT-dəki fəaliyyətini və üzvlük haqlarının ödənilməsini dayandırıb. Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankinin bildirdiyinə görə, təşkilatın noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iki ildən artıqdır ödənilməyən haqlar səbəbindən Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla bilər. Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini bərpa etməyəcəyini dəfələrlə bəyan edib.Ermənistanın səsvermə hüququndan məhrum edilməsi təşkilat daxilində onun hüquqlarını praktiki olaraq sıfıra endirəcək. Bu, İrəvanın Qərbə yönəlmiş siyasi xəttini və Rusiyadan uzaqlaşma siyasətini daha da gücləndirməsi üçün rəsmi bəhanə rolunu oynayacaq. KTMT nizamnaməsində üzvlüyün dondurulması mexanizmi olmadığı üçün səsvermə hüququnun alınması hüquqi baxımdan Ermənistanın təşkilatla bağlarının kəsilməsi istiqamətində atılan ən sərt addımlardan biri olacaq və gələcəkdə Ermənistanın KTMT-dən tamamilə çıxmasına zəmin yaradacaq”.


Tural İrfanın sözlərinə görə,Moskva bu addımı nizamnamə tələblərinin icrası və texniki prosedur kimi qələmə versə də, İrəvan bunu siyasi təzyiq və təşkilatın Rusiyanın alətinə çevrilməsi kimi qiymətləndirəcək. 
 

Bu da iki ölkə arasında diplomatik ritorikanın daha da sərtləşməsinə səbəb olacaq.
Ermənistan uzun müddətdir KTMT-nin onun təhlükəsizliyinə təminat vermədiyini bildirir. Səsvermə hüququnun itirilməsi Ermənistanın təhlükəsizlik sistemini tamamilə Rusiya təsir dairəsindən çıxararaq Qərb ölkələri və regional tərəfdaşlarla ikitərəfli əməkdaşlığa yönəltməsi prosesini dönməz edə bilər. Ümumiyyətlə son proseslər Rusiya və Ermənistan arasında münasibətlərin daha da gərginləşəcəyini göstərir.

Nurgün Qənizadə

#azərbaycan #hüququ #gündəm #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər