Polşa: Şərqi Avropa Rusiyaya dair danışıqlardan kənarda qalmamalıdır
Polşa Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı danışıqlarda Şərqi Avropanın təhlükəsizlik maraqlarının kənarda saxlanılmaması barədə Avropa müttəfiqlərinə xəbərdarlıq edib. Varşava, eyni zamanda, Rusiyadan qaz idxalının bərpası təşəbbüslərinə qarşı çıxır.
Polşa Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda Şərqi Avropanın təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edib. Rəsmi Varşava bu regionun münaqişənin mümkün təsirlərinə ən çox məruz qalan ərazilərdən biri olduğunu vurğulayıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski cümə axşamı Varşavada “Euronews”un da iştirak etdiyi jurnalistlərlə görüşdə bildirib:
“Ən son istədiyimiz Qərbi Avropanın Şərqi Avropa ölkələrini nəzərə almadan Rusiya ilə danışıqlar aparmasıdır”.
Nazir qeyd edib ki, Şərqi Avropa və Skandinaviya ölkələri müzakirələrdən kənarda saxlanılmamalıdır. Onun sözlərinə görə, bu regionda təxminən 120 milyon insan yaşayır. Finlandiya, Norveç, Baltikyanı ölkələr və Polşa Rusiya ilə, Polşa isə həmçinin Ukrayna ilə həmsərhəddir.
Qeyd edək ki, Şərqi Avropa ölkələri uzun illər Qərb tərəfdaşlarını Rusiyaya ilk növbədə təhlükəsizlik təhdidi kimi yanaşmağa çağırıblar. Bu xəbərdarlıqlar Rusiyanın 2014-cü ildə Krımı Ukraynadan qanunsuz ilhaq etməsindən sonra da uzun müddət lazımi diqqəti görməyib. Region ölkələrinin narahatlıqları yalnız 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından sonra daha geniş şəkildə qəbul olunmağa başlayıb.
Euronews
Zəri Bayramlı